Azərbaycanın sərbəst güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə 35 illik yubileyi ərəfəsində "mayor" hərbi rütbəsi verilib.
Sportnet.az xəbər verir ki, bu barədə idmançı öz "Instagram" hesabında paylaşım edib.
Veteran pəhləvan bu rütbənin ona Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən təqdim olunduğunu bildirib: "Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən "mayor" rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!".
Qeyd edək ki, Hacı Əliyevin aprelin 21-də 35 yaşı tamamlanacaq. O, dünya və Avropa çempionluqlarından əlavə, Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kq çəki dərəcəsində gümüş, Rio-2016 olimpiadasında 57 kq çəkidə bürünc, Minsk-2019 II Avropa Oyunlarında 65 kq-da qızıl, Bakı-2015 I Avropa Oyunlarında 61 kq-da bürünc medal qazanıb.


















































































