
"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze "Şamaxı"ya 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra azarkeşlərlə yaşadığı insident barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis uşağın üstünə hücum etdiyinə dair iddiaları təkzib edib.
O, uşaqları öyrədən şəxslə insident yaşadığını bildirib: "Mən o uşağa yox, yanındakı sağlam bədənli kişiyə reaksiya verdim. Həmin şəxs də dərhal oradan qaçdı. Özünün 120 kq çəkisi olardı, böyük görünürdü, amma əslində cılız adam idi. Uşaqlara isə mən heç nə deməmişəm. Özü uşaqları öyrətmişdi ki, gedin bunları deyin. Pis olanı bilirsinizmi nədir? O, qorxudan cılızlaşdı. Gəlin, ciddi məsələlərdən danışaq".
Tsxadadze İngiltərənin "Mançester Siti" klubunun azarkeşlərini "Qəbələ" fanatlarına nümunə göstərib: "Mən bir çox ölkədə və komandada çıxış etmişəm. Bilirsinizmi, azarkeş kimdir? Məsələn, xatırlamıram ki, "Mançester Siti"də oyunun sonlarınadək komandanı dəstəkləməkdən başqa nə isə etsinlər. Bax, onlar azarkeşdir. Öyrənmək lazımdır. Bizim kimi onlar da öyrənməlidirlər. Azarkeşlər komandanın arxasında durmalıdırlar. Hamımız öyrənməli və obyektiv olmalıyıq. Xüsusən, o zaman ki, uşaqların maksimumlarını ortaya qoyduqlarını gördüyün halda belə edirsənsə, bu, çox üzücüdür".
Qeyd edək ki, "Kaxaber Tsxadadze "Şamaxı" ilə oyunun ardından "istefa" şüarları ilə üz-üzə qalıb. Bu zaman baş məşqçi tribunadakı fanatlardan birini meydançaya çağırıb. Onu köməkçiləri sakitləşdirərək, paltardəyişmə otağına göndəriblər.