
Azərbaycan Premyer Liqasının oyunlarında hakimlər artıq "Rabitəbank"ı reklam etməyəcəklər.
Sportnet.az-ın məlumatına görə, ədalət təmsilçilərinin formalarının arxasında yazılan bankın adı "Be a referee!" ("Hakim ol!" sözləri ilə dəyişdirilib.
Yenilik bu gündən - VIII turdan etibarən tətbiq edilməyə başlayıb. Hazırda "Şamaxı" və "Kəpəz" arasında davam edən qarşılaşmanın referisi Əliyar Ağayevin formasının arxasında məhz belə bir çağırış yer alıb.
Bu mövsüm ilk 7 turun qarşılaşmalarına hakimlər bankın adı yazılmış formalarla çıxıblar.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundovun Sportnet.az-a verdiyi məlumata görə, milli assosiasiya ilə bank arasında müqavilə başa çatdığı üçün hakimlər "Rabitəbank" reklamları ilə meydana çıxmırlar. O, "Be a referee!" şüarının FIFA tərəfindən başladılan kampaniyanın adı olduğunu əlavə edib.
Qeyd edək ki, AFFA və "Rabitəbank" arasında sponsorluq müqaviləsi 2024-cü il fevralın 15-də bağlanılıb. Həmin vaxt müqavilənin müddəti açıqlanmayıb. Müqaviləni AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar. Sponsorluq müqaviləsinə əsasən, Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarının üzərində “Rabitəbank”ın adı və loqosu əks olunub.
Qeyri-rəsmi məlumatlara görə, "Rabitəbank" Rövnəq Abdullayevə yaxın bankdır. AFFA-nın yeni rəhbərliyi ilə bank arasında müddəti açıqlanmayan müqavilənin məhz bu səbəbdən vaxtından əvvəl pozulduğu güman edilir.