
"İmişli"nin baş məşqçisi Jorje Kaşkilya "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransı keçirib. Portuqaliyalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Çox çətin oyun oldu. Bilirik ki, "Qəbələ" çox güclü və çətin komandadır, hücumda sürətli oyunçular var. Onlar daha çox xal qazanmağa layiqdirlər. Meydanda bərabər oyun gedirdi. Birinci hissənin sonunda və ikinci yarının əvvəlində qol buraxmaq bizi çətin vəziyyətə saldı. Amma taktiki dəyişikliklərdən sonra komanda özündə güc tapdı. Bu oyunda da əvəzetmələrdən sonra futbolçularımız meydanda ürəklərini və güclərini qoydular, xarakter göstərdilər. Ona görə də komandamdan və nəticədən razıyam. 0:2 hesabı ilə geri düşdükdən sonra 1 xal qazanmaq yaxşı nəticədir. Çünki meydanda hər iki komandanın ifasında bərabər və əzmkar mübarizə getdi.
- Komandanızın oyunçusuna ikinci sarı vərəqənin göstərilmədiyinə dair iddiaları necə şərh edərdiniz?
- Heç bir şərhim yoxdur.
- Son oyunlarda "İmişli" çox qol buraxır. Bunun səbəbi nədir?
- Qol vurub-buraxmaq oyunun bir hissəsidir. Müdafiə xəttində problem yoxdur. Sadəcə, rəqiblərimiz də güclüdürlər. "Qəbələ"nin hücumçuları çox sürətlidir. Yağışlı hava da öz sözünü deyir. Həm də iki həftə əvvəl "Araz-Naxçıvan"la oynamışdıq. Onlar da çox güclüdürlər. Əlbəttə, qol buraxmaq istəməzdik. Çempionatın əvvəllərində çox az top buraxmışdıq. Amma rəqiblər də yaxşı oyun göstərirlər. Əsas məqsəd xal qazanmaqdır.
- "İmişli"nin xarakter göstərdiyini dediniz. Feyr-pleyə əməl etməmək də yaxşı xarakterdir?
- Rəqib oyunçunun zədələnməsini görmədik. Sadəcə, eşitdik ki, baş məşqçi oyunçu dəyişmək istəyir. Ona görə epizoda belə reaksiya verdik.
- 90+3-cü dəqiqədə meydana hücumçu buraxmağınız nə ilə əlaqədar idi?
- Bu əvəzləməni zədəyə görə etdik.
Haşım MƏMMƏDOV