
"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Birinci hissə 1:1 hesabı ilə nəticələndi. İkinci yarıda cərimə zərbəsi və penaltilərdən qollar buraxdıq. Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu. Nəticədə məğlub olduq. "Sumqayıt"ı təbrik edirəm. Növbəti turda "Turan Tovuz"la qarşılaşacağıq. Xal və ya xallar qazanmağa çalışacağıq.
- Qarşıda "Turan Tovuz", "Zirə" və "Araz-Naxçıvan"la oyunlarınız var. Nə gözləyirsiniz?
- Bilirsiniz ki, yeni komandayıq. Bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Həmişə dediyim kimi, asan təslim olmayacağıq. Futboldur, belə şeylər olur. Vuruşursan, döyüşürsən, amma məğlub olursan. Ən yaxşısını etməyə çalışacağıq.
- Komandanız çox rahat qollar buraxır. Bu, nə ilə bağlıdır?
- Qolların 70-80 faizini standart vəziyyətlərdən buraxmışıq. Futbolçuların fərdi keyfiyyətlərindən asılı olan bir şeydir. Təhlillər etsək də, hardasa boşluq buraxırıq.
- Yevlax şəhər stadionu nə vaxt hazır olacaq: Düşünmürsünüz ki, evdə oynamamağın nəticələrə təsiri olur?
- Stadionumuz hazır olsaydı, bu gün bizim 5 yox, 10-11 xalımız olardı. Biz məşqçiyik, bizdən asılı olan məsələ deyil.