
"Qarabağ"ın U- 19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində III tur oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçi olduğu kollektiv İspaniyada "Atletik"in müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.
Lezamo şəhərindəki eyniadlı təlim-məşq bazasının meydançasında təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 5-ci dəqiqədə Peyo Huestamendia açıb. 70-ci dəqiqədə Maneks Lozano fərqi artırıb. 89-cu dəqiqədə isə Kristian İmqa yekun nəticəni müəyyənləşdirib.
"Qarabağ"ın qapıçısı Teymur Həsənov bu görüşdə rəqibin iki penaltisini dəf edib. 18 yaşlı qolkiper 57-ci dəqiqədə Huestamendianın zərbəsini dəf edib. O, 70-ci dəqiqədə Lozanonun da zərbəsini qaytarıb, Lakin rəqib oyunçu təkrar vuruşla topu tora göndərib.
Qeyd edək ki, bu, "Qarabağ"ın Gənclər Liqasında ardıcıl üçüncü məğlubiyyəti olub. Daha əvvəl Azərbaycan təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, öz meydanında Danimarka "Kopenhagen"inə 0:5 hesabı ilə uduzub.