"İlk növbədə, komanda uzvlərinin birliyini və həvəsini qeyd etmək istərdim. Məncə, bu əsas məqamlardan biri idi".
Sportnet.az xəbər verir ki, bunu VI İslam Həmrəyliyi Oyunlarında bu gün Liviyanı 5:4 hesabı ilə məğlub edən Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviçin azfutzal.az-a açıqlamasında deyib.
O, matçın gedişində geridönüş etmələrinin səbəbini belə izah edib: "İlk dəqiqədə qol vurduq, amma bəzi səhvlərə yol verdik və məğlub duruma düşdük. Fasilədə apardığımız söhbət ikinci hissədə effektini və zəif olmadığımızı göstərdi. Daha güclü ola, fərqli hesabla qələbə qazana bilərdik. Səhvlər etsək də, uşaqların ürəyindəki istək, gözlərindəki alov sayəsində qələbə qazandıq. Əlbəttə, bu cür istəkli, əzmkar olmaq vacibdir".
Kukseviç komandasından və azarkeşlərdən razılıq ifadə edib: "Azərbaycandan gələn və tribunada bizi dəstəkləyən inşaların rolu da az olmadı. Onların səslərini eşidir, dəstəyini hiss edirdik. Təbii ki, onların dəstəyi futzalçılara əlavə güc, həvəs verirdi. Oyunçular deyilənləri diqqətlə dinləyir, meydanda tətbiq etməyə çalışırlar. Düzdür, bunu bəzən sona qədər edə bilmirlər, amma onlarda güvən görürəm və bu güvən sayəsində yaxşı işlər görəcəyik".





































































