İngiltərənin "Çelsi" komandasının UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"la keçirəcəyi IV tur matçından öncə son məşqinə baş məşqçi Entso Mareska gecikib.
Sportnet.az-ın məlumatına görə, həmin məşq Bakıya səfər öncəsi Londonda baş tutub.
İtaliyalı mütəxəssisin gec gəlməsinə baxmayaraq, futbolçular məşqə vaxtında başlayıblar. Hazırlıq prosesinin gedişində meydançaya daxil olan Mareska özü ilə zarafatlaşıb: "Late, late, Red Card, another one" ("Gecikdim, gecikdim. Daha bir qırmızı vərəqə").
"Çelsi" bu məşqin ardından Bakıya səfərə çıxıb. "Zadəganlar" Azərbaycan paytaxtında hazırlıq prosesi keçmədən birbaşa "Qarabağ"la oyuna çıxacaqlar. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
Qeyd edək ki, Entso Mareska daha əvvəl oktyabrın 4-də evdə "Liverpul"a 2:1 hesabı ilə qalib gəldikləri İngiltərə Premyer Liqasının VII tur matçında qırmızı vərəqə alıb.









































































