"Azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu gün stadion dolu idi və möhtəşəm atmosfer var idi. Məncə, bu gün baxımlı oyun oldu. "Qarabağ"a "Napoli" ilə matçda uğurlar arzu edirəm. İlk 10 dəqiqə oyunumuz çox da yaxşı alınmadı, amma qoldan sonra toparlandıq. İkinci hissəyə yaxşı başlamışdıq. Təbii ki, qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı mübarizə aparmaq elə də asan olmadı".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Qarabağ"a 2:4 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra serbiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Rayan Senhacinin qovulması, sonradan penaltini qola çevirə bilməməyiniz nəticəyə təsir etdimi?
- Qırmızı vərəqənin düzgün olduğunu düşünmürəm. Lakin hakim artıq qərarını verib və heç nə dəyişməyəcək. "Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur. Aleksa Yankoviç oyunda olsaydı, penaltini o, yerinə yetirəcəkdi. Aleksa oyunda olmadığı üçün Aleksandr Ramalinqom zərbəni yerinə yetirdi.
- Kapitan Səbuhi Abdullazadə penaltini yerinə yetirmək istəyirdi, amma Ramalinqom buna icazə vermədi...
- Ramalinqomu başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Səhv mənimdir. Gərək bunları əvvəlcədən müəyyənləşdirək.
- "Qarabağ"ı cari mövsümdə məğlub edən yeganə komandasınız. Bu gün də xal ala bilərdiniz...
- "Qarabağ" Azərbaycanın ən güclü klubudur. Müəyyən şanlarımız var idi. Etdiyimiz səhvlər buna imkan vermədi. Xüsusi bir şey yoxdur.
- Hakimlərin idarəçiliyi barədə düşüncələriniz necədir?
- Hakimlikdən danışmağı sevmirəm. Lakin mən olsaydım, ikinci sarı vərəqəni verməzdim. O epizoddan sonra oyun tamam dəyişdi. Azlıqda olsaq da, qol vurduq. Komandamdan razıyam.
- İlk dövrədəki qələbəyə baxmayaraq, "Sumqayıt" bu gün "Qarabağ"a qarşı daha yaxşı oynadı. Bu fikirlərlə razısnızmı?
- Nəticə olaraq, ilk dövrədəki matç daha yaxşı keçdi. Azarkeşlər üçün isə bu gün daha baxımlı futbol var idi. "Qarabağ"ın bundan sonrakı oyunlarda 2 qol buraxacağına inanmıram.




































































