Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti və “Neftçi"nin keçmiş vitse-prezideti Ramin Musayevin Sportnet.az-a müsahibəsi...
Müsahibənin əvvəli burada
"Az qalırdılar ki, məni güllələsinlər"
- Sizin gedişinizdən sonra PFL-də dəyişikliklər olub, şöbə, klub və liqa sayı artırılıb, yeni sponsorlar cəlb olunub...
- Azərbaycan Premyer Liqasına ilk sponsoru - "Unibank"ı biz dəvət etmişik. Lakin bizim vaxtımızda büdcəmiz yalnız maaşımız idi. Ayın sonu gələndə mən qanıqara halda gəzərdim. Çünki AFFA-nın işçiləri maaşları alıb-xərcləyiblər, amma PFL hələ maaş almayıb. Niyə? Elxan müəllimin əhval-ruhiyyəsi nə vaxt yaxşı olacaqsa, hesabımıza pul köçürər, biz də camaatın maaşını verərik. Amma bu gün PFL-də elə deyil. Çox sevinirəm ki, artıqlaması ilə büdcəsi, imkanı var, artıq müstəqil hərəkət edə, öz işini görə bilir. Biz Avropa Peşəkar Futbol Liqalarının (EPFL) üzvü olmuşduq. Rövnəq Abdullayevdən nə qədər xahiş etsəm də, Elxan Məmmədov qoymadı ki, üzvlük haqqını ödəyək. Hətta EPFL rəhbərliyi Bakıya gəlmişdi. Amma bu gün ödəyirlər.
- Üzvlük haqqı məbləği nə qədər idi?
- İllik 30 min avro. Amma biz 20 min avroya endirmişdik. EPFL bu məbləğə də razılaşmışdı. Hətta qitənin bütün ölkələrinin iştirakı ilə Azərbaycanda iclas keçirmək istəyirdilər. Yenə qoymadılar, "xərcdir" dedilər. 2019-cu ildə Azərbaycan Kubokunun "Qəbələ" - "Sumqayıt" finalını Naxçıvana həvalə etdiyimizə görə az qalırdılar ki, məni güllələsinlər. Bunu da artıq xərc sayırdılar. Yeri gəlmişkən, bir məsələni də deyim: "Araz-Naxçıvan" klubunun yaradılmasında ən çox mənim zəhmətim, əziyyətim var. Bunu Muxtar Respublikanın keçmiş gənclər və idman naziri Azad Cabbarov da, sonrakı rəhbər şəxslər də yaxşı bilirdi. Peşman da deyiləm, sevinirəm. Amma bilsəydiniz onu nə yollarla, kimlərə yalvarmaqla həyata keçirdim. "İmkan verin, qoyun, komanda yaradaq" deyəndə "xərci çoxdur, komandalar ora gedib-gəlməlidirlər" cavabını verirdilər. Gedib-gəlsinlər də. Qadın futboluna yalandan o qədər pul xərcləyirdilər. Yalandan nəyə xərcləyirdiniz? Əməlli-başlı qırğına çıxırdıq. Gedib Gürcüstanda komanda yaratmırdım ki... Ay AFFA, 30-40 milyonluq büdcən var, ver də...Mən gürcüstanlıyam, amma klubun Naxçıvanda yaradılmasının gərəkliyini deyirdim. Qadın futboluna, Almaniyada Azərbaycan futbol məktəbinə havayı pullar gedirdi. Hanı nəticəsi? Almaniyadan çıxan bir dənə azərbaycanlı futbolçu göstərin. İldə 2 milyon avro gedirdi. Niyə? "Komandaların sayı artırılsın" deyəndə mənə elə yanaşırdılar ki, sanki xalq düşməniyəm.
- Həmin vaxtlarda PFL-i bağlayaraq, səlahiyyətlərinin AFFA-ya verilməsini istəmirdilər?
- Səsimi çıxaran kimi "Ümumiyyətlə, PFL nəyə lazımdır? Çempionatı özümüz keçirə bilərik də" deyirdilər. Azərbaycan millisinin reytinqi aşağı düşdüyü halda, PFL-in reytinqi qalxırdı, o dəqiqə bəhanələr başlayırdı. Halbuki PFL yaranandan sonra çempionatın səviyyəsi qalxmışdı. Hakimlər qeyri-rəsmi olaraq, PFL-ə tapşırılmışdı. Nəticəsi pismi oldu? Azmı hakim ortaya çıxdı? Türkiyəyə təlim-məşq toplanışına aparırdıq. İnanın ki, Avropa ölkələrinin komandaları deyirdilər ki, Azərbaycan hakimləri olsa, yoldaşlıq görüşü keçirməyə gələrik. Dəfələrlə belə hal olub.
"Proqnoz verəndə yanılmamışam"
- Türkiyə futbolunda mərc qalmaqalı baş verib. Mərc şirkətlərinin Azərbaycan çempionatına sponsorluqları hər hansı fəsadlar doğura bilərmi?
- Bizim dövrümüzdə oyunlara pul qoyuluşunun edilməsi halları I Divizionda olmuşdu, futboldan uzaqlaşdırılma cəzası almışdılar. Amma Premyer Liqada eşitməmiəm, heç vaxt elə şey olmayıb. Düşünmürəm ki, bizdə elə şey ola bilər. Amma gərək heç vaxt "heç vaxt" deməyəsən. Həyatdır, hər şey ola bilər. Arzulamazdım.
- Azərbaycan Premyer Liqasında qeyri-sabit nəticə göstərən klublar var...
- Futbolda belə nəticələr ola bilər. Məsələn, biz Qurban Qurbanovun vaxtında öz meydançamızda Tovuzun "Turan" komandasına 1:2 hesabı ilə uduzmuşduq. Rəqib bu qələbəni 2 ay bayram etmişdi. Halbuki Qurban müəllimin bəyənmədiyi 5 futbolçunu onlara mən vermişdim. Onlar da gəldilər, bizi udub-getdilər. Biz bukmeyker kontorunda oynamırdıq ki... Amma mən günah işlətmək istəmirəm. Yalandan belə şeylər eşitdiyimi deyə bilmərəm, marağında da deyiləm, necə yazılmasından da xəbərsizəm. Hərdən görəndə soruşurlar ki, filan oyunun nəticəsi necə olacaq? Pul qoyuluşu etdiyini bilən kimi "mənlik deyil" cavabını verirəm. Sonra gedib deyər ki, düz demədi, pul uduzdum. Amma digər hallarda proqnoz verəndə yanılmamışam.
- AFFA Hakimlər Komitəsinə yeni sədr təyinatını necə dəyərləndirirsiniz?
- Elə həmin Rəhim Həsənovu hakimlik etdiyi vaxt klublar nə qədər sıxırdılar. Kürəyimi qabağa vermişəm, bir neçə dəfə özüm qoymamışam. Öz balamızdır, sevindim. Həmin vəzifəyə bizimkilər çoxdan təyin olunmalı idilər. Yalandan xariciləri gətirdilər. Axı onlar nəyə lazım idilər? Mən də "Neftçi"yə xariciləri gətirmişdim. Tərifləmirəm ki... Yalan deyə bilmərəm: Anatoli Demyanenko, Vlastimil Petrjela komandaya xeyir vermədi. Nə olsun ki, onları mən gətirmişdim.
"Büdcəmiz azaldı və Qurban Qurbanov qalmadı"
- Elə isə Qurban Qurbanovu 2007-ci ildə "Neftçi"dən niyə göndərdiniz?
- 20 il əvvəl baş verib. Yəqin ki, hansısa səbəb olub... (Fikirləşir - red.) Yadıma düşdü. Bu, klubun çempionatda 2-ci yeri tutması və Avropa Liqasının I təsnifat mərhələsində Avstriya "Rid"inə ümumi nəticədə (2:1, 1:3) məğlubiyyətimizlə əlaqədar deyildi. Sadəcə, 2006/2007 mövsümündən sonra büdcəmiz azaldı və Qurban Qurbanov qalmadı.
- Demək istəyirsiniz ki, pula görə getdi?
- Özünün maaşına görə yox, azaldılmış büdcə ilə daha səviyyəli oyunçu ala bilməyəcəkdik. Amma sonradan onun arxasında dayandım və "Qarabağ"a getməsinin təşəbbüskarı oldum. Peşman da deyiləm.
- Axı yerinə əcnəbi baş məşqçi Vlastimil Petrjela gətirildi...
- Petrjela bahalı baş məşqçi deyildi. Əksinə, Qurban Qurbanovdan da aşağı qiymətə gətirmişdik. Petrjelaya lazım idi ki, Rusiya "Zenit"indən sonra hansısa komandada çalışsın. "Neftçi"də reklam üçün işləmək istədi. Məlum oldu ki, o, Rusiyada çox oyunlardan çıxıb. Sonradan qumar söhbətlərindən əlavə, başqa şeylər də eşitmişdim.
- Siz PFL prezidenti vəzifəsinə təyin olunduqdan sonra "Neftçi"dən bir sıra aparıcı futbolçular da getdi...
- Bəli. Onlardan Rəşad Sadıqov "Neftçi"də ilinə 250 minə oynayırdı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov isə ona 1 milyon təklif etmişdi. Zaur Tağızadə bizi qoyub getmədi. Georgi Adamiyaya bizdəkindən 2 dəfə artıq pul təklif etmişdilər, getmədi. Hətta Rövnəq Abdullayevdən futbolçularımızın maaşlarını qaldırmasını xahiş etmişdim. Lənkəranda birlikdə oyun izləyirdik, Mübariz Mənsimov "Bunların ağlı yoxdur, mən 1 milyon verirdim, gəlmədilər" söylədi. Amma bizə sadiq qalan futbolçular sonradan onlara necə münasibət göstərildiyini gördülər.
"Əvvəlkindən çox qazanıram"
- Elə bir qərarınız və ya açıqlamanız olubmu ki, sonradan peşmançılıq hissi keçirəsiniz?
- Xatırlamıram.
- Məsələn, demişdiniz ki, "Qarabağ" "Lex"i "lox" elədi...
- Onu elə şişirtdilər ki, bilmədim ayının əmioğlularıdır, yoxsa mənim. Peşman deyiləm.
- Amma o açıqlamanı verməyinizdən bir neçə gün sonra istefaya getdiniz...
- Xeyr, səbəbi o deyildi. "Qarabağ"ın 2022/2023 mövsümündə Çempionlar Liqasındakı səfər matçından sonra istefaya getsəm də, "lox" sözümə görə olmadı. Sadəcə, futbola yeni rəhbərlik gəlirdi. Hər kəs istəyər ki, öz inandığı adamları ilə çalışsın. Rövnəq Abdullayev mənə inanırdı, mənimlə işləyirdi. Yeni gələnlər isə məni tanımırdılar, başqa yoldaşlarla işləmək istəyirdilər. Bu, Azərbaycanda təbii haldır. Düzdür, həmin vaxt Rövnəq müəllim AFFA prezidenti vəzifəsində idi, amma 6-7 ay sonra getdi.
- Futboldakı vəzifələrinizdən ayrılmağınız sizə necə təsir edib?
- Əksinə, daha da cavanlaşmışam, gümrahlaşmışam, özümü yaxşı hiss edirəm, əvvəlkindən çox qazanıram, işlərim, ən vacibi sağlamlığım yaxşıdır, əsəbiləşmirəm. Futbolda olduğum vaxt 7 stend qoydurmuşdum, açıq ürək əməliyyatı ilə 4 damarımı dəyişdirmişdim. Futboldan "qazandığım" bu oldu. Amma futboldan ayrılandan sonra heç həkimə də getməmişəm, dərman da içmirəm. Heyvandarlıqla məşğulam, işlərimiz əla gedir.
Elşən MƏMMƏDOV



































































