Türkiyə futbolunda qanunsuz mərc oyunları fəaliyyətləri ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində İstanbul Cümhuriyyət Baş Prokurorluğu səhər saatlarında əməliyyat həyata keçirilib.
Sportnet.az xəbər verir ki, ümumilikdə 46 nəfər barəsində tutulma və axtarış qərarı verilib, onlardan 35-i saxlanılıb.
Baş Prokurorluğun rəsmi açıqlamasına görə, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlar, qanuni mərc oyunları saytlarının qeydləri, açıq mənbə araşdırmaları və Peşəkar Futbol İntizam Komitəsinin 13 noyabrda qəbul etdiyi qərarları əsasında bir sıra futbolçular, klub rəhbərləri və idman adamları istintaqa cəlb edilib.
Gözaltına alınanlar arasında tanınmış futbolçular da var:
Öz komandasının oyununa mərc etdiyi müəyyənləşən 27 futbolçu arasında "Qalatasaray"ın oyunçusu Metehan Baltacı
Başqasının üzərindən qanuni mərc oynadığı bildirilən "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş
Bununla yanaşı:
2024-cü ilin 28 aprelində keçirilmiş "Ankaraspor" – "Nazilli Belediyespor" matçında nəticəyə təsir şübhəsi səbəbi ilə "Ankaraspor" klubunun sahibi Ahmet Okatan, klub prezidenti Mehmet Emin Katipoğlu, "Nazilli Belediyespor"un prezidenti Şahin Kaya və iki məşqçi olmaqla 5 nəfər;
24 dekabr 2023-cü ildə "Ümraniyespor" – "Giresunspor" oyunu ilə bağlı manipulyasiya iddialarına görə 6 nəfər;
Şübhəli maliyyə əməliyyatları səbəbindən "Adana Demirspor"un sabiq prezidenti Murat Sancak, keçmiş hakim və məşhur futbol şərhçisi Ahmet Çakar və həyat yoldaşı, həmçinin FİFA referisi Zorbay Küçük olmaqla 7 nəfər
istintaqa cəlb olunub.
Prokurorluğun məlumatına görə, 5 şübhəli ölkə xaricindədir, qalan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam edir.












































































