"Şamaxı"nın futbolçusu Dioqo Balau səfərdə "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur matçında son qolun müəllifi olub.
Daha əvvəl "Ayın qolu" nominasiyasında qalib olmuş portuqaliyalı yarımmüdafiəçi yenidən baxımlı topa imza atıb.
Qarşılaşmanın ardından Spornet.az-a müsahibə verən 25 yaşlı oyunçu həm öz qolu, həm də gələcək hədəflərindən danışıb:
- Görüşü necə dəyərləndirərdiniz?
- Çox yaxşı oyun alındı. Meydançanın vəziyyəti oynamaq üçün çətin idi. "Şamaxı" yaxşı oynadı və sonda qalib gəldik.
- Qolunuz möhtəşəm alındı. Yenidən "Ayın qolu" nominasiyasında qalib ola bilərsiniz?
- İnşallah. Mən də buna ümid edirəm. İkinci dəfə qalib seçilsəm, çox xoşbəxt olaram.
- Şəxsi hədəfləriniz nədən ibarətdir?
- Məqsədim Avropa futbolunda qalxa bildiyim qədər yüksəkliyə çatmaqdır. Hazırda "Şamaxı" ilə daha 1 illik müqaviləm var. Sonra isə daha yaxşı klublara və liqalara getməyi hədəfləyirəm.
- Bəs "Şamaxı"da qalaraq daha böyük nailiyyətlərə imza atmağa necə yanaşırsınız?
- Ötən tur evdə "Sumqayıt"a qalib gəlsəydik, bu matçla birlikdə 2 oyundan 6 xalımız olacaqdı. Belə olduqda hətta Avropa Liqasına da düşməyi hədəfləyə bilərdik. Təəssüf ki, son 5 dəqiqə ərzində 2 top buraxaraq uduzduq, bəzi hallar baş verdi. Bu komanda və bu baş məşqçiyə inancım böyükdür. İnanıram ki, bu komanda ilə yaxşı yerlərə gələcəklər. Gələcəkdə bunu edə biləcəyimizə ümidvarıq.
Haşım MƏMMƏDOV
















































































