"Birinci hissədə istədiyimiz səviyyədə kollektiv oyun göstərə bilmədik. “Sumqayıt” həmin hissədə daha üstün futbolla çıxış etdi. Yüzfaizlik qol epizodları olmasa da, ümumi oyunda daha güclü görünürdülər. Fasilədə komandamızla danışdıq, müəyyən taktiki dəyişikliklər etdik və bunun müsbət təsirini ikinci hissədə dərhal gördük. “İmişli” oyuna daha güclü daxil oldu, komandanın oyun keyfiyyəti xeyli yüksəldi və artıq qol epizodları yarada bildik. Juninionun yaratdığı birə-bir vəziyyət də qol ilə nəticələnə bilərdi, lakin bundan istifadə edə bilmədik. Futbol isə elə oyundur ki, şansları dəyərləndirmək vacibdir. Sumqayıtın vurduğu ilk qol rəqib hücumçusunun fərdi ustalığının nəticəsi idi. Bu qoldan sonra biz hesabı bərabərləşdirməyə çalışdıq və öz fürsətimizi də qazandıq, lakin penalti imkanını reallaşdıra bilmədik. Nəticə etibarilə oyundan məğlub ayrıldıq".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Start heyətinizdə cəmi 1 yerli oyunçu - kapitan Azər Salahlı var idi. Legionerlərin bu qədər çox olduğu heyətlə 9-cu pillədə gedirsinizsə, yerlilərə üstünlük versəniz, neçənci yerdə olardınız?
- Baş məşqçi kimi yerli və əcnəbi oyunçular arasında fərq qoymuram. Hansı oyunçu məşqlərdə və matçlarda özünü yaxşı tərəfdən göstərirsə, komandada yerini alır.
- Oyunun uzatma dəqiqələrində baş vermiş insidenti necə şərh edərdiniz?
- Hər iki komanda uzatma dəqiqələrində özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də həmin anda özlərini yaxşı aparmadı. Ona görə belə alındı. Futbol emosional oyundur. Amma bunlar futbolda qəbulolunmaz haldır. Gərək futbolçular, rəqib komandanın əməkdaşları özlərini ələ almağı bacarsınlar.
- Mövsümdə 3-cü dəfədir ki, penaltini qaçırırsınız. Sizcə, problem nə ilə bağlıdır: Ştatlı penalti vuranınız yoxdur, yoxsa futbolçularınız topa yaxınlaşanda gərgin olurlar?
- (gülür - red.) Yaxşı sualdır, amma bu suala cavab tapmaq bir qədər çətindir. Əlbəttə, məşqlərdə penaltilər üzərində işləyirik. Amma məşqlərdəki ilə oyunlardakı penaltilər fərqlidir. "Araz-Naxçıvan"la qarşılaşmada son dəqiqələrdə penaltini yerinə yetirə bilməmişdiksə, "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/8 final görüşünün əsas vaxtının axırıncı dəqiqələrində elə İbrahim Əliyev bu imkandan yararlana bildi. Bu gün yenə Əliyev uzatma dəqiqələrində qolu vurmağı bacarmadı. Çünki diqqət və təzyiq onun üzərində idi. Əlbəttə, cavabdehliyi öz üzərimə götürürəm. Çünki penaltini kimin vurmasını mən təyin edirəm. Əlbəttə, bir komandanın 3 penaltini vura bilməməsi qeyri-normal haldır. Amma sualınıza tam aydın cavab vermək mümkün deyil.







































































