Azərbaycanın veteran futbolçuları bu gün Lənkərana səfər edib.
Futbol Veteranları İttifaqının (FVİ) prezidenti Oqtay Abdullayevin Sportnet.az-a verdiyi məlumata görə, səfər AFFA-nın dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra veteranlar ulu öndərin anım günü münasibətilə yerli futbol veteranları ilə yoldaşlıq görüşü keçiriblər. Görüş Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşib və qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:2. Qarşılaşmanın ardından oyun iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim olunub.
Daha sonra veteranlar "Xəzər Lənkəran" Mərkəzi Stadionuna üz tutacaqlar. Onlar yerli "Lənkəran" komandasının "Viləş"lə Region Liqasındakı IX tur matçını izləyəcəklər. Görüş saat 14:30-da başlanacaq.
Səfərdə vaxtilə "Xəzər Lənkəran"da çıxış etmiş futbolçulardan Zaur Ramazanov, Emin Quliyev, Ədahim Niftəliyev, Alim Qurbanov, Mahmud Qurbanov, Arif Əsədov, komandanın keçmiş köməkçi-məşqçisi Tərlan Əhmədov, eləcə də Nadir Şükürov və Əli Abışov da iştirak edib.
Qeyd edək ki, daha əvvəl AFFA rəhbərliyi cənub bölgəsinə səfər etsə də, "Xəzər Lənkəran" Mərkəzi stadionuna baş çəkməyib. Bu addım kəskin tənqidlərə səbəb olub.


















































































