UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Niderland “Ayaks”ı arasında keçirilmiş oyun təkcə meydandakı hadisələrlə deyil, tribunalar ətrafında yaşanan maraqlı mənzərələrlə də yadda qalıb.
Sportnet.az xəbər verir ki, Niderland klubunun azarkeşləri Bakı səfəri ilə bağlı qeydlərində Tofiq Bəhramov adına Respublika stadionunda gördükləri qeyri-adi təhlükəsizlik mənzərəsini xüsusi vurğulayıblar.
Onların sözlərinə görə, oyuna təxminən iki saat qalmış stadionun qaçış zolağında yüzlərlə uzun kamuflyajlı yağmurluq geyinmiş stüard diqqət çəkib.
Qonaq sektorunda yerləşdirilən və saylarının azı 700 olduğu iddia edilən stüardlar 3,5 saat boyunca leysan yağış altında arxaları meydançaya tərəf, üzləri isə tribunaya doğru dayanaraq azarkeşləri müşahidə ediblər. Azarkeşlərin qeydlərində stüardların hərəkətsizliyi, intizamı və meydanda baş verənləri görməməsi ironik üslubda təsvir olunub.
“Bütün yağışa, çoxsaylı mühafizəçi və polisə baxmayaraq, stadionda ab-hava çox rahat idi. Heç bir gərginlik və ya sərt davranış yox idi”, – deyə “Ayaks” tərəfdarları yazıblar.
Qeyd edilib ki, “Qarabağ”ın fanatik azarkeşləri qonaq sektoruna tərəf jestlər etsə də, ümumi atmosfer dostyana və sakit olub. Oyunun gedişində Anton Qoeinin möhtəşəm qolu və Oskar Qluxun ikinci qolu ilə hesabın 2:4 olması “Ayaks” azarkeşləri arasında böyük coşğu yaradıb.
Yazıda vurğulanır ki, final fitindən sonra belə kamuflyajlı yağmurluqlu stüardlar boşalmış tribunalar qarşısında bir müddət də dayanmaqda davam ediblər. Daha sonra yuxarıdan verilən işarə ilə onların stadionu tərk etməsi qonaq sektorunda alqış və zarafatla qarşılanıb.
Niderland təmsilçisinin azarkeşləri Bakıdan Çempionlar Liqasında vacib üç xalla ayrıldıqlarını və bu səfərin həm futbol, həm də tribunalar ətrafındakı maraqlı detallarla yadda qaldığını qeyd ediblər.
Qeyd edək ki, görüş "Ayaks"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ah, ze mogen gaan. Bedankt voor een leuke avond! ???? #ajax #qaraja pic.twitter.com/w8Pfbdecpz
— Ajax Life (@ajaxlife) December 10, 2025








































































