"Sabah" komandasının futbolçusu Coy Lens Mikels səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra Sportnet.az-a müsahibə verib.
Ardıcıl üçüncü oyunda fərqlənməklə, çempionatın bombardirlər siyahısında 8 topla vahid liderə çevrilən almaniyalı hücumçu komandasının və özünün hədəflərindən danışıb:
- Görüşlə bağlı fikirləriniz necədir?
- Düşünürəm ki, çox yaxşı oyun sərgilədik. "Turan Tovuz"la səfərdə 3:1 hesablı qələbə - çox yaxşı nəticədir. Komanda və azarkeşlər bizimlə qürur duyur. Hazırda turnir cədvəlinin birinci pilləsindəyik və bu, çox xoş hissdir.
- Meydançanın vəziyyəti oyununuzda nə dərəcədə təsir etdi?
- Ot örtüyünün durumu ideal deyildi, amma "Turan Tovuz" da eyni meydançada oynayır. Ona görə də bunu bəhanə kimi göstərmirik. Düşünürəm ki, qarşılaşmanı düzgün idarə etdik, ilk qolu vurduq və daha sonra öz oyunumuzu sərgilədik. Nəticədən çox razıyıq.
- Növbəti oyun "Qarabağ"a qarşı olacaq. Bu görüş barədə nə düşünürsünüz?
- Çox maraqlı oyun olacaq. Bu matç bizim harada olduğumuzu göstərəcək. Düşünürəm ki, xal qazanmaq, hətta qalib gəlmək üçün real şansımız var. Amma hər şeyi meydançada görəcəyik.
- Çempionatda əsas məqsədiniz nədir: Çempionluq, yoxsa ikinci olmaq?
- Əsas məqsədimiz qış fasiləsinə lider kimi yollanmaqdır. Bu, bizim hədəfimizdir. Hədəfə yaxınıq, amma hələ iki çətin oyunumuz var — "Qarabağ" və "Sumqayıt"la.
- Bombardir olmaq mümkündürmü?
- Bəli, mümkündür. Amma oyundan-oyuna düşünürük. Əlbəttə, qol vurmaq xoşdur, amma komanda yoldaşlarıma məhsuldar ötürmə vermək də mənim üçün önəmlidir. Yalnız qolları düşünmürəm — komandaya kömək edə bilirəmsə, bu, məni qürurlandırır.
Haşım MƏMMƏDOV







































































