"Gərgin oyunun olacağını bilirdik. Rəqibi yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Onları təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəlliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Komandanın üstünlüyü əldən verməsinin səbəbi nədir?
- Müdafiədə buraxdığımız səhvlərdir. Rəqibin təzyiqi artıqda səhvlər də artır. Biz bunları görürük. Səhvlərin sayı getdikcə azalır. İşləməklə bunun öhdəsindən gəlmək olar.
- Rəqib baş məşqçi futbolçularınızın vaxt uzatdığını bildirdi. Buna münasibətiniz necədir?
- Məncə vaxt uzatmaq yox idi. Bəzi futbolçularımız zədə ilə oynayırdı. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.
- Qışda nələri dəyişmək istəyirsiz?
- Bəzi mövqelər var ki, gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik.







































































