Ukrayna millisinin və “Dinamo Kiyev”in sabiq futbolçusu Aleksandr Əliyev Moskva və Kiyevin həyat tərzləri arasındakı fərqlərlə bağlı açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi “Futbolniy Divan” “YouTube” kanalına müsahibəsində “Dinamo Kiyev”də komanda yoldaşı olmuş Roman Yeryomenko barədə danışıb.
Yeryomenko 2016-cı ildə Moskva MOİK-ində çıxış edərkən dopinq testi müsbət çıxdığı üçün iki il müddətinə diskvalifikasiya olunmuşdu. Analiz zamanı onun orqanizmində kokain izləri aşkarlanmışdı.
Əliyevin sözlərinə görə, Yeryomenko futbolçu kimi yüksək səviyyəyə malik olub: “Yeryoma çox texnikalı, zəhmətkeş futbolçudur. Onun texnikası inanılmaz idi. Ronaldinyoya bənzər ötürmələr verirdi, topu möhtəşəm şəkildə fırlada bilirdi. Çox keyfiyyətli oyunçu idi”.
Sabiq yarımmüdafiəçi qeyd edib ki, Yeryomenko “Dinamo Kiyev”də oynadığı dövrdə sakit həyat tərzi sürürdü: “O, düzünü desəm, heç də gəzən biri deyildi, ailəcanlı insan idi”.
Əliyev Moskvada cazibələrin daha çox olduğunu da vurğulayıb: “Aydındır ki, Moskva tamam başqa yerdir. Orada zənglər çalır, əxlaqsızlıq Kiyevlə müqayisədə xeyli çoxdur. Bu, realdır”.












































































