"Dəqiq tarix demək bir az çətindir. Amma yəqin ki, bu, aprel-may aylarına təsadüf edəcək və stadion oyunlar üçün hazır vəziyyətə gətiriləcək".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Gəncə Stadionunun durumu barədə jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, arenanın oyunlar üçün əlverişli vəziyyətə gətirilməsi hava şəraitindən asılı olan məsələdir: "Gəncə şəhər stadionu müasir standartlara cavab verir. Orada azarkeşlər və futbolçular üçün yaxşı şərait var. Futbol oynamaq, izləmək üçün hər şey yaxşı səviyyədə qurulub. Azərbaycanda ən yaxşı futbol stadionlarından biridir. Biz də orada oyunların tez olmasını istəyirik. Amma hazırda toxumu səpmək üçün əlverişli hava şəraiti yoxdur. Aprel-may aylarını gözləməliyik. Komandaların həmin vaxt orada oynaya bilməsi üçün çalışırıq".
Qeyd edək ki, Gəncəni təmsil edən "Kəpəz" komandası bu mövsüm ev oyunlarını əvvəlcə Qəbələ şəhər stadionunda keçirib, daha sonra Yevlax şəhər stadionundan yararlanıb ("Report").










































































