"Qarabağ"ın prezidenti Tahir Gözel 2025-ci ilin yekunları ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında 2025-ci ili “Qarabağ” üçün uğurlu il adlandırıb.
Onun sözlərinə görə, arxada qoyduğumuz il futbol meydanlarında sevincdən göz yaşlarına, qürurdan həyəcan dolu anlara qədər saysız-hesabsız unudulmaz xatirələrlə yadda qalıb: “Qarabağ” 2025-ci ildə də yalnız nəticələrlə deyil, ortaya qoyduğu xarakter, sarsılmaz iradə və qələbə ruhu ilə öz adını bir daha zirvələrə yazdırdı. 2024/25 mövsümünü böyük uğur və inamla başa vuran komandamız 12-ci dəfə Azərbaycan çempionu olaraq ölkə futbolundakı liderliyini bir daha təsdiqlədi və UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən növbəti tarixi yürüşünə başladı.
Təsnifat mərhələlərində meydanda nümayiş etdirilən hər oyun, hər mübarizə və hər son fitə qədər davam edən əzm bizi ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıdı. “Benfika”, “Kopenhagen” kimi Avropanın nəhəng klubları üzərində qazanılan qələbələr təkcə xallar deyil, bütün Azərbaycan futbolu üçün qürur mənbəyinə çevrildi. “Qarabağ” tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan Azərbaycan təmsilçisi kimi adını futbol tariximizin qızıl səhifələrinə yazdırdı.
Klublararası dünya çempionu olmuş İngiltərə nəhəngi “Çelsi” ilə aparılan möhtəşəm, nəfəs kəsən və qürurverici mübarizə isə bir daha göstərdi ki, “Qarabağ” Avropanın ən güclüləri ilə eyni səviyyədə dayanmaq gücünə malikdir. Qazanılan hər xal, yaşadılan hər an milyonlarla azarkeşimizin ürəyində silinməz iz buraxdı.
Bu uğurlar təsadüf deyil. Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunun nüfuzunu qorudu və onu daha da yüksəklərə daşıdı.
Azarkeşlərimizin sarsılmaz sevgisi və dəstəyi, futbolçularımızın meydandakı qətiyyəti, klubumuzda hökm sürən birlik və ailə ruhu 2025-ci ilin ən böyük qələbəsi, ən dəyərli qazancı oldu. Biz bu birliklə, bu inamla və bu qürurla qarşıdakı illərdə daha böyük hədəflərə, daha uca zirvələrə doğru yolumuza davam edəcəyik. Çünki bu yolun adı “Qarabağ”dır və bu hekayə hələ yeni başlayır".
Klub rəhbərli Azərbaycan xalqını qarşıda gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. O, həmçinin inam və əzm sayəsində daha böyük uğurlar qazanacaqlarına inandığını bildirib: "Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün həm dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyini və həmrəyliyini ifadə edir, həm də yeni ilin astanasında hər birimiz üçün yeni ümidlər, yeni hədəflər yaradır. Xüsusilə ölkəmizin inkişafı və idman sahəsində, o cümlədən komandamızın uğurlarında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin dəstəyi danılmazdır və bizə böyük ruh yüksəkliyi verir.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevi də səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayıram.
İnanıram ki, qarşıdakı ildə də birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Komandamız öz üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücü ilə çalışacaq və xalqımıza yeni-yeni sevinclər, qürurverici anlar bəxş edəcək. Qoy, 2026-cı il hər bir azərbaycanlı üçün uğurlu, bərəkətli və yaddaqalan olsun”.











































































