Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc araşdırması ilə bağlı mühüm qərar açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, komitə istintaq çərçivəsində 489 nəfərə 2 aydan 12 ayadək haqq məhrumiyyəti cəzası tətbiq edib.
Mərc fəaliyyəti səbəbindən PFDK-yə cəlb olunan şəxslər arasında yuxarı və aşağı kateqoriyalı müşahidəçilər, oyun nümayəndələri, son 5 ildə TFF-də hakim kimi fəaliyyət göstərmiş şəxslər, regional hakim və köməkçi hakimlər, regional müşahidəçilər, eləcə də barəsində araşdırma davam edən 2 futbolçu yer alıb. Ümumilikdə cəzalandırılan şəxslərin sayı 489 olub.
Bununla yanaşı, komitə 14 nəfər barəsində cəza verilməməsi barədə qərar çıxarıb. 6 şəxs üçün araşdırmanın və inzibati tədbirin davam etdirilməsi, 2 nəfər üçün isə inzibati tədbirin ləğvi və işə tədbirsiz baxılmasının davamı qərara alınıb.
Qeyd edək ki, PFDK-nin qərarı Türkiyə futbolunda son illərin ən genişmiqyaslı intizam tədbirlərindən biri kimi qiymətləndirilir.
















































































