"İlk növbədə, "Qarabağ"ı avrokuboklarda uğurlu çıxışı münasibətilə təbrik etmək istərdim. Bu bütün Azərbaycan futbolu və klubun özü üçün böyük uğurdur. Ölkə futbolunun lideri layiqincə çıxış edir".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis bugünkü oyunun xüsusən ikinci hissəsini qənaətbəxş adlandırıb: "İlk yarıda bir qədər ehtiyatlı çıxış edirdik. Görüşün sonlarında istifadə edə bilmədiyimiz epizodlar oldu. Məhz bu amil və ilk yarıda oyunu istədiyimiz kimi qura bilməməyimiz xal qazanmağımıza mane oldu. Ümumilikdə isə acı məğlubiyyətdir".
Komandaya transfer etmək üçün yeni axtarışında olduqlarını deyən baş məşqçinin fikrincə, yenicə aldıqları Coş Cinelliyə vaxt lazımdır: "Düşünürəm ki, bizə kömək edə biləcək".
ilk yarıda baş vermiş insidentlə əlaqədar İbrahima Vadji ilə söhbət etməyəcəyini diqqətə çatdırıb: "Xeyr, söhbət etməmişəm. Çünki oyun vəziyyəti idi, onun rəqib futbolçuya qarşı bilərəkdən kobudluq etmək niyyəti yox idi. Sonradan Vadji rəqib futbolçuya yaxınlaşdı və üzr istədi".
Berdıyev "Qarabağ"ın qolundan sonra etirazlarının səbəbini də açıqlayıb: "Nəyə görəsə VAR xətti göstərilmədi. Halbuki hər oyunda göstərirlər. Bəlkə səhv edirəm, amma mən də o xətdə dayanmışdım. Bu, bəhanə və ya irad deyil. Elə düşünməsinlər ki, buna görə uduzduq. Həmin epizodda topun futbolçumuzdan rəqib oyunçuya getməsinə gəlincə, emosiyalardan asılıdır, hər şey ola bilər. Top ümumiyyətlə, qapıdan yan tərəfə keçirdi".
O, ev oyunlarını Tovuz şəhər stadionunda daim keçirə bilməmələrinin "Turan Tovuz"a təsirindən də danışıb: "Sözsüz ki, meydançamızın nə vaxt hazır olacağını gözləyirik. Öz azarkeşlərimiz önündə oynamaq istəyirik. Amma ümumilikdə oyuunla bağlı problem yoxdur".
Baş məşqçi avrokuboklara vəsiqə üçün həm Premyer Liqa, həm də Azərbaycan Kubokunda mübarizə aparacaqlarını vurğulayıb.












































































