"Karvan-Yevlax" klubunun yeni təyin olunmuş icraçı direktoru Elvin Əjdərlinin Sportnet.az-a müsahibəsi
- Əvvəlcə sizi təyinatınız münasibətilə təbrik edirik. Futbola və klub idarəçiliyinə gəlişiniz necə oldu?
- Təşəkkür edirəm, diqqətiniz və xoş sözləriniz üçün minnətdaram. Futbol mənim üçün hər zaman maraq doğuran və yaxından izlədiyim bir sahə olub. Uzun müddət gənclərlə çalışmağım, hazırda da komandanın əsasən gənc və perspektivli futbolçulardan formalaşması bu prosesə uyğunlaşmağımı xeyli asanlaşdırır. Yevlax və Yevlax futbolu ilə bağlılığım təkcə peşəkar fəaliyyətlə məhdudlaşmır. Bu, mənəvi bağlılıq məsələsidir. Doğulduğum yer Yevlax olsa da, həyatımın formalaşdığı dövr Bakıda keçib. Buna baxmayaraq, ailə dəyərlərim, köklərim və içimdə daşıdığım bağlılıq məni yenidən Yevlaxa gətirib. Bu şəhərə və onun futboluna xidmət etmək mənim üçün, sadəcə, vəzifə deyil, həm də şəxsi məsuliyyət və mənəvi seçimdir. Klub idarəçiliyinə cəlb olunmağım klubumuzun prezidenti Şahmar Vəliyevin məsləhəti və etimadı nəticəsində baş tutdu. Şahmar müəllim yüksək intizamı, peşəkarlığı və Azərbaycan futbolunun inkişafına verdiyi davamlı töhfələri ilə tanınan şəxsdir. Onun uzun illər ərzində futbolumuza göstərdiyi dəstək bu gün də uğurla davam edir. Mənimlə çalışmağı məqsədəuyğun hesab etməsi böyük məsuliyyətlə yanaşı, mənim üçün həm şərəf, həm də qürur mənbəyidir. Bu etimadı doğrultmaq üçün bütün bilik və təcrübəmi klubun inkişafı naminə səfərbər etməyə çalışacağam.
- "Karvan-Yevlax"ın ilk dəfə UEFA Kubokunda mərhələ keçən və 2000-ci illərdə Azərbaycan çempionatında daim iddialı olmuş "Karvan" adına qayıtmasına mane olan hüquqi, sənədləşmə və digər amillər varmı?
- Bəli, qeyd etdiyiniz kimi, “Karvan” Azərbaycan futbolunda ilk dəfə UEFA kubokunda mərhələ adlayan klublardan biri olmaqla yanaşı, uzun illər ölkə çempionatında daim iddialı mövqedə olmuş bir komandadır. Ümumilikdə, “Karvan” Azərbaycan futbol tarixində bir məktəb rolunu oynamış, bu gün müxtəlif klublarda fəaliyyət göstərən və futbol tariximizdə adını qızıl hərflərlə yazdırmış bir çox futbolçunun karyerasında xüsusi mərhələ olub. Demək olar ki, həmin futbolçuların hər birinin “Karvan”la bağlı zəngin təcrübəsi və xoş xatirələri var. Klubun tarixi adına qayıtması ilə bağlı hər hansı hüquqi, sənədləşmə və ya digər maneələrdən söhbət gedə bilməz. Klub rəhbərliyi bütün məsələlərə yüksək həssaslıq, məsuliyyət və peşəkarlıqla yanaşır. Hazırda müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəririk və tələb olunan bütün sənədləşmə işləri reqlamentlərə uyğun şəkildə icra olunur. Əsas məqsədimiz tövsiyə edilən bütün qayda və tələblərə tam əməl etməklə, klubun tarixi adını və nüfuzunu layiqincə bərpa etmək, eyni zamanda Azərbaycan futboluna dəyər qatmaqdır.
- Açıqlamanızdan belə başa düşmək olarmı ki, "Karvan-Yevlax"ın yenidən "Karvan"a çevrilməsinə çalışırsınız?
- “Karvan” adı ilə “Yevlax” anlayışı illərdir bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Bu klub təkcə bir idman qurumu deyil, həm də şəhərin futbol ənənəsini və kimliyini təmsil edir. Ona görə də bu adlardan biri çəkiləndə, təbii olaraq digəri də yada düşür. Məqsədimiz də məhz bu tarixi və mənəvi bağlılığı qorumaq və yaşatmaqdır.
- Amma "Karvan-Yevlax" hazırda "Karvan"ın hüquqi varisi sayılmır. Hərəsinin ayrıca tarixi var...
- Doğrudur, hüquqi baxımdan "Karvan-Yevlax" birbaşa əvvəlki "Karvan"ın varisi kimi qeydiyyata alınmayıb və hər qurumun öz formalaşma tarixi var. Amma futbol təkcə hüquqi sənədlərlə ölçülmür. Burada ənənə, azarkeş yaddaşı, şəhərin futbola münasibəti və formalaşmış kimlik anlayışı var. "Karvan" adı illərdir Yevlax futbolu ilə assosiasiya olunur. Bizim məqsədimiz də məhz bu futbol ənənəsini, o ruhu və şəhərlə bağlı olan kimliyi yaşatmaqdır. Yəni söhbət hüquqi varislikdən çox, futbol ənənəsinin və mənəvi bağlılığın davamından gedir.
- "Karvan-Yevlax"ın hazırkı çıxışından və turnir cədvəlindəki mövqeyindən nə dərəcədə razı və ya narazısınız?
- Açığı, hazırkı turnir cədvəlindəki mövqeyimiz bizi tam şəkildə qane etmir. Bunun əsas səbəblərindən biri uzun fasilədən sonra Premyer Liqaya qayıdışımızın müəyyən təcrübəsizliklə üst-üstə düşməsidir. Bu günün liqası ilə əvvəlki illərin çempionatı arasında həm oyun tempi, həm taktiki yanaşma, həm də ümumi tələblər baxımından ciddi fərqlər mövcuddur və bu, adaptasiya prosesini qaçılmaz edir. Bununla belə, biz mövcud vəziyyətə yalnız nəticə prizmasından deyil, inkişaf və öyrənmə baxımından yanaşırıq. İnanırıq ki, bu gün buraxılan səhvlər sabah təkrarlanmamalıdır və artıq həmin nöqsanların aradan qaldırılması istiqamətində sistemli iş aparılır. Klub prezidentimizin də birmənalı mövqeyi ondan ibarətdir ki, komandada müşahidə olunan təcrübəsizlik halları qısa müddətdə öz həllini tapsın və “Karvan-Yevlax” mərhələli şəkildə öz tarixi brendinə və iddialı mövqeyinə qayıtsın. Bu prosesdə kluba həm maddi, həm də mənəvi baxımdan yüksək səviyyədə dəstək göstərilir ki, bu da gələcəyə daha böyük inamla baxmağımıza əsas verir.
- Siz kluba daha erkən gəlsəydiniz, Yevlax şəhər stadionunun süni örtüyə çevrilməsinə razılıq verərdiniz?
- Düşünürəm ki, bu məsələni fərdi yanaşmalarla deyil, mövcud standartlar və obyektiv meyarlar əsasında qiymətləndirmək daha doğrudur. Hazırda klubun infrastrukturu, o cümlədən, Yevlax şəhər stadionunun örtüyü FIFA-nın müəyyən etdiyi tələblərə və lisenziyalaşdırma qaydalarına tam uyğun şəkildə təsdiqlənib. Bu səbəbdən, məsələnin kiminsə kluba daha erkən gəlib-gəlməməsi ilə birbaşa əlaqəsi yoxdur. Örtük seçimi zamanı iqlim şəraiti, istismar imkanları, mövsümi davamlılıq və texniki göstəricilər nəzərə alınıb. Süni örtük beynəlxalq və yerli standartlara cavab verməsəydi, nə lisenziya prosesindən keçərdi, nə də rəsmi oyunların keçirilməsinə icazə verilərdi. Bundan əlavə, dünya futbol praktikasında da FIFA-nın təsdiqlədiyi süni örtüklü stadionlara kifayət qədər rast gəlinir və bu, müasir futbol infrastrukturunun qəbul olunmuş hissəsidir. Bu baxımdan, hazırkı örtüyü problem kimi deyil, müəyyən şərtlər daxilində qəbul olunmuş və funksional həll yolu kimi dəyərləndiririk.
- Gəlişinizədək klubda üzdə olan söz sahibi Kənan Kərimov idi. Artıq onunla aranızda vəzifə bölgüsü aparılıbmı?
- Klubda idarəetmə sistemi aydın və şəffaf şəkildə formalaşdırılıb. Bu gün "Karvan-Yevlax"da əsas və son qərarverici şəxs klubumuzun prezidentidir və bütün fəaliyyətlər onun tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilir. Hazırda klubda sürətli inkişafı təmin etmək, keçmişdə yol verilmiş nöqsanları aradan qaldırmaq və strukturlaşmanı gücləndirmək istiqamətində ardıcıl addımlar atılır. Kənan Kərimov Azərbaycan futbolunda peşəkar fəaliyyəti, zəngin təcrübəsi və futbol tariximizdə buraxdığı dərin izlərlə tanınan şəxsdir. O, klubda İdman üzrə vitse-prezident vəzifəsini icra edir və əsasən transfer siyasəti, futbolçularla bağlı məsələlər və idman yönümlü qərarların icrasına cavabdehdir. Mənim fəaliyyət sahəm isə klubun inzibati idarəçiliyi, struktur məsələləri və prezident tərəfindən verilən tapşırıqların bütün istiqamətlər üzrə icrasının təmin edilməsidir. Bu vəzifə bölgüsü qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında aparılıb və klubun ümumi maraqlarına xidmət edir.
- Sirr deyilsə, Azər Həşimovun istefaya göndərilməsi və Füzuli Məmmədovun baş məşqçi postuna rəsmən təyinatı məsələsini necə həll etdiniz?
- Azər Həşimovla bağlı məsələ mən kluba gəldiyim vaxt artıq faktiki olaraq həll olunmuşdu. Bununla belə, müəyyən kommunikasiya məsələləri mövcud idi ki, onlar da qarşılıqlı dialoq və anlaşma yolu ilə aradan qaldırıldı. Azər müəllimlə açıq və səmimi müzakirələr apardıq. Nəticədə hər iki tərəfin maraqlarına uyğun, qarşılıqlı razılıq əsasında yolların rəsmi şəkildə ayrılması qərarına gəldik. Füzuli Məmmədovun baş məşqçi postuna təyinatı isə birbaşa klub prezidentinin tapşırıq və tövsiyələrinə əsasən həyata keçirildi. Füzuli müəllim klubun baxışını və hədəflərini düzgün qiymətləndirdi, biz də onun bu prosesə yanaşmasını müsbət qarşıladıq. Nəticədə qarşılıqlı anlaşma əsasında əməkdaşlığa start verildi. Hazırda əsas məqsəd məşqçilər korpusu ilə birlikdə komandanın sabitliyini təmin etmək, oyun keyfiyyətini yüksəltmək və klubun uzunmüddətli strategiyasına uyğun inkişafını davam etdirməkdir.
- "Kəpəz"in yuxarı pillədə olması sizə nə dərəcədə təsir göstərir və onların stadionunuzdan yararlanmasına nə zamanadək razılıq verəcəksiniz?
- “Karvan-Yevlax” klubu bütün komandalarla münasibətlərini qarşılıqlı hörmət və idman yoldaşlığı prinsipləri əsasında qurur. Meydançada hər kəs rəqibdir, lakin meydançadan kənarda futbol ailəsinin bir parçasıyıq. Azərbaycan futbolunda elə nümunələr var ki, eyni ailənin üzvləri fərqli klubların heyətində bir-birinə qarşı mübarizə aparır və bu, futbolun təbii və sağlam rəqabət mühitini göstərən bir haldır. Turnir cədvəlində “Kəpəz”in bizdən yuxarı pillədə qərarlaşmasını rəqibin uğuru kimi qəbul və bunu əlavə motivasiya mənbəyi hesab edirik. Hazırkı vəziyyətimizdən tam razı olmasaq da, bunu kənar amillərlə və ya digər klublarla əlaqələndirmirik. Mövcud nəticələr daha çox adaptasiya prosesində yaşanan çətinliklər, seleksiya və transfer mərhələsində buraxılmış müəyyən səhvlərlə bağlıdır və bu məsələlərin aradan qaldırılması üzərində işləyirik. “Kəpəz” klubunun stadionumuzdan istifadəsinə gəldikdə, bu məsələ klublar arasında qarşılıqlı anlaşma və rəhbərliklər səviyyəsində aparılan danışıqlar çərçivəsində tənzimlənir. Klub prezidentimizin bu əməkdaşlığı məqsədəuyğun hesab etdiyi müddət ərzində və tərəflər arasında razılaşma olduğu təqdirdə, “Kəpəz”in stadionumuzdan istifadə etməsi davam edəcək.
- "Karvan-Yevlax" Premyer Liqanı tərk etsə, bunu necə qəbul edəcəksiniz?
- Futbolda qalibiyyət və məğlubiyyət qaçılmazdır. “Karvan-Yevlax” olaraq, istərdik ki, Premyer Liqadakı mövqeyimizi möhkəmləndirək və bunun üçün hər gün əzm və səylə çalışırıq. Lakin hər hansı səbəbdən liqadan düşsək belə, bunu faciəvi sonluq kimi qəbul etmirik. Qarşıdakı mövsümdə əsas hədəfimiz çempionluğu qazanmaq və komandamızı yenidən Premyer Liqaya çıxarmaq olacaq. “Karvan” həmişə azarkeşlərinin sevgisi və etimadı ilə doğma meydançasında mübarizə aparan komanda olub. Biz azarkeşlərimizin dəstəyini daim hiss edir və onların etimadını hər zaman doğrultmaq üçün çalışırıq. Komandamız Yevlaxın klubu olaraq bütün infrastrukturunu burada qurub, futbolçular və azarkeşlər arasında sıx əlaqəni təmin edir. Hazırda klubda iki baza və üç meydança fəaliyyət göstərir, digər bazamızda isə gələcək hədəflərimiz üçün əsaslı yenidənqurma və təmir işləri davam edir. Bu inkişafın arxasında isə klubumuzun prezidenti dayanır. Onun liderliyi, vizyonu və Azərbaycan futboluna verdiyi davamlı dəstək “Karvan-Yevlax”un hər gün daha da güclənməsini təmin edir. Şahmar Vəliyevin strateji baxışı sayəsində stadion kompleksimizdə mövcud meydançaya əlavə olaraq, 2 000 – 2 500 azarkeşə xidmət göstərəcək, FIFA standartlarına uyğun yeni təbii ot örtüklü müasir meydançanın tikintisinə yaxın zamanda start veriləcək. Onun rəhbərliyi və investisiyaları sayəsində klubun hər sahəsi ən müasir tələblərə cavab verir və komandamızın peşəkarlıq səviyyəsi günü-gündən artır. Yəni, liqada autsider vəziyyətində olmağımız bizim inkişaf və strategiyadan uzaqlaşmağımıza səbəb deyil. Əksinə, bu, komandamıza və brendimizə daha güclü strukturlaşdırılmış addımlar atmaq, oyun keyfiyyətini yüksəltmək və uzunmüddətli hədəflərə fokuslanmaq üçün imkan yaradır.













































































