“Oyunun sonlarında rəqib komandanın futbolçularından biri, kobud desək, tərbiyəsizlik etdi. Bundan sonra iki komandanın oyunçuları bir-birilərini itələdi və ortalıq qızışdı. Nəticədə üst-üstə 5 oyunçu qırmızı vərəqə aldıq və meydançanı tərk etdik”.
Bunu Sportnet.az-a açıqlamasında minifutbol üzrə Azərbaycan milli komandasının heyətində dünya çempionu olmuş Xətai Bağırov AFFA Region Liqasında üzləşdiyi hadisə barədə danışarkən deyib.
Münaqişə fevralın 1-də "Ağsu Siti" - "Mil" (Beyləqan) oyununun 90+2-ci dəqiqəsində baş verib. Futboçular arasında kütləvi dava-dalaş nəticəsində "Ağsu Siti"dən Xətai Bağırov və İsmayıl Qəmbərov, "Mil"dən isə Mahmud Əhmədov, Fəxri Nemətli və Vəfadar Hüseynzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. İntizam Komitəsi onların hər birini 3 oyunluq diskvalifikasiya edib.
Bağırovun sözlərinə görə, qırmızı vərəqə aldıqdan sonra “Mənim burada nə işim var?” deyə-deyə paltardəyişmə otağına yollanıb. O, daha Region Liqasında çıxış etməyəcəyini açıqlayıb: “Ora 3-4 oyunluq kömək etməyə getmişdim. “Ağsu Siti”nin ikinci məşqçisi Fərrux mənim dostumdur, onun xahişi ilə çıxış edirdim. Artıq o komandanın üzvü kimi lisenziyamı sildirmək və yalnız minifutbola köklənmək istəyirəm”.
Xatırladaq ki, Xətai Bağırov futzal üzrə Azərbaycan millisində də çıxış edib.











































































