"Kifayət qədər maraqlı və dinamik oyun oldu. İlk 15 dəqiqə ərzində oyunumuz alınmadı, sürətdə uduzduq. Rəqibin ilk yarıda, xüsusən matçın əvvəllərində aqressiv çıxış etdiyini bilirdik. Bununla belə, oyunumuzu koordinasiya edə bilmədik. Xeyli top itirdik, sürətdə uduzduq və top buraxdıq. 15-ci dəqiqədən sonra oyunumuzu tapdıq. Demək olar ki, birinci hissənin qalan vaxtında və xüsusən ikinci hissədə qol vurmağa çalışdıq. Aşkar imkanlarımız oldu. Elə bir imkan ki, necə əldən getdiyini bilmədik. Belə də olur, futboldur. Yaratdığımız imkanları realizə etmək sarıdan bəxtimiz gətirmədi. Məğlubiyyətə layiq deyildik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin məşqçisi Giorgi Çixradze səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis oyunun sonlarında əlbverişli imkanı qaçıran Prins Ovusunun əsəbi olduğunu bildirib: "Biz onu sakitləşdirdik. Xeyrli əsəbiləşmişdi. Gənc və inkişafda olan futbolçudur, oyununu artırmaqdadır. Amma onun Premyer Liqa səviyyəsində böyük təcrübəsi yoxdur, çünki ilk dəfədir elitada çıxış edir və kifayət qədər yaxşı oynayır. Əlbəttə, onu sakitləşdirdik, təsəlli verdik. Hələ çox oyunu var və çoxlu qol vuracaq".
Çixradze Rza Cəfərovun müqavilə üzrə məxsus olduğu "Neftçi"yə qarşı start heyətində şans vermələrinin səbəbini belə izah edib: "Açığı, hələ ötən il mövsümün əvvəllərində onu istəyirdik. Amma həmin vaxt keçidi alınmamışdı. Bu dəfə isə qış fasiləsində bu, gerçəkləşdi. Çox şadıq. Gənc olduğu üçün ehtiyat qüvvə kimi nəzərdə tutmamışıq, ona ümid edirdik. Ona inanırıq, gənc, kifayət qədər perspektivli, yaxşı qapıçıdır. Komandaya götürəndə potensialına bələd idik. Buna görə də götürmüşük. "Sabah"a qarşı Azərbaycan Kubokunun ilk 1/4 final matçında da yaxşı səviyyədə çıxış etmişdi. İndi də qapını etibar etdik. Ona görə yox ki, "Neftçi"yə qarşı oynayırdıq. Sadəcə, Rzaya ümidlər bəstəliyik".






































































