"Neftçi"nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudovun "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Son 3 oyunda qələbələr qazanmağınız və 6 matçdır uduzmamağınız kollektivə necə təsir göstərib?
- Əlbəttə, ardıcıl qələbələr qazanmağımız bizim üçün çox yaxşı oldu. Artıq demək olar ki, komandada yüksəliş var. Kollektiv psixoloji cəhətdən də çox yaxşı durumdadır. Çünki çoxdandır belə ardıcıl qələbələr olmayıb. Çalışırıq ki, komanda kimi bir olaq. Yaxşı kollektivimiz var. İşləməyə davam edirik. Baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetiririk. "Kəpəz"lə matçda da bu, yaxşı alındı.
- "Qarabağ"la oyununuz təxirə salındığından, iki həftəyədək Premyer Liqada fasiləniz olacaq. Bu, oyunçularınızda tempin aşağı düşməsinə səbəb olmayacaq?
- Əslində çox da yaxşı hal deyil. Həftələrdir yaxşı hazırlıqlı idik. Oyunlara turdan-tura hazırlaşırdıq. Belə hal oldu. Təxirəsalma tonusumuz üçün bir az çətin ola bilər. Amma belə bir hal yaranıb. Bir söz deyə bilmərik. Məcburuq ki, buna dözək, hazırlıq planımızı dəyişək və gələcək oyunu fikirləşək. Çünki indi oyunumuzun təxirə salındığını düşünməyə vaxt yoxdur.
- Səmimi fikrinizi bilmək istərdik: Təxirəsalma qərarını necə qarşıladınız?
- Bizim üçün problem olacaq. Çünki "Qarabağ"la matçımızı hansısa həftədə iki oyunun arasına salacaqlar və biz bir həftə ərzində 3 görüş keçirəcəyik.
- Elə hesab etmək olarmı ki, Azərbaycan Kubokunda mübarizəni dayandırdığınızdan, bunun əvəzinə çempionat matçı keçirirsiniz?
- Bəli, belə alınır.
- Vurduğunuz qol epizodunda nə baş vermişdi ki, rəsmiləşməsi bu qədər vaxt apardı?
- Ofsaydın olub-olmamasına baxırdılar. Açığı, özüm görməmişdim. Amma VAR xətti çəkərək göstərdi ki, ofsayd yoxdur.
- Bir kapitan kimi komandanızın hücum xəttini necə dəyərləndirirsiniz?
- Hücum xəttimiz çox yaxşıdır. Hamı şans qazanır, çalışır. İndi elə vəziyyət yaranıb ki, Bassala Sambu da əsas heyətdə oynayır. Amma hər şey dəyişə bilər. Çünki hamı böyük rəqabətin olduğunu bilir. Hər kəs dayanmadan işləməlidir. Çünki bir-iki oyunda zəif çıxış etsən, ehtiyata düşə bilərsən. Ona görə də hər kəs maksimum çalışır ki, özünü yaxşı tərəfdən göstərsin.
- Belə qələbələrdən sonra komandanızda ruh yüksəkliyi yaranır. Futbolçularınıza mükafatlar verilirmi?
- Klubumuz hamıya yaxşı maaş verir. Ona görə də biz məsələyə maddi yöndən yanaşmırıq. "Neftçi"nin turnir cədvəlindəki hazırkı durumu bizə problemdir. Bu amil bizə motivasiya verir ki, komandanı daha üst pillələrə qaldıraq. Maddi baxımdan heç bir problem yoxdur. Biz meydançada özümüzü yaxşı tərəfdən göstərmək üzərində düşünməliyik.
- Komandanızda irəliləyişlərin olduğu göz önündədir, bunu özünüz də yəqin ki, hiss edirsiniz. Baş məşqçi Yuri Vernidub nəyi dəyişdi ki, bu cür nəticələr əldə etməyə başladınız?
- Hər şeyin tam dəyişildiyini desək, digər baş məşqçilərimizə hörmətsizlik olar. İndi başqa tələblər var, fərqli futbol oynamaq istəyirik. Bunlar indi daha yaxşı alınır. Hamı baş məşqçinin istədiyini yerinə yetirməyə çalışır. O da yaxşı alınır. Davamlı olmasını arzulayırıq. Biz hələ heç nəyə nail olmamışıq.
- Başqa tələblər və fərqli futbol dedikdə, nələri nəzərdə tutursunuz?
- Biz az top saxlayır, daha aqressiv oynayırıq. Çalışırıq ki, daha çox hücum futbolu sərgiləyək. Topu az nəzarətdə saxlayırıq. Aqressiv, hücumameylli olmağa çalışırıq.
- UEFA Millətlər Liqasındakı rəqiblər barədə nə deyə bilərsiniz?
- Hələlik rəqiblərin oyunlarına baxmamışam, o komandalarla tanış deyiləm. Amma seçmə tsikl ərəfəsində baş məşqçi onları video-analiz edərək, bizə də göstərəcək. Əlbəttə, qalib gəlməli, bu qrupdan C Liqasına çıxmalıyıq.
Elşən MƏMMƏDOV















































































