Bu gün Azərbaycan Premyer Liqasında XX turun son 2 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar bölgələrdə təşkil olunacaq.
Günün ilk matçında "Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Saat 14:30-da Şamaxı şəhər stadionunda gerçəkləşəcək oyunu yeni FIFA referisi Tural Qurbanov idarə edəcək.
Hazırda "Şamaxı" 19 oyundan 23 xalla 8-ci, "Turan Tovuz" 18 oyundan 33 xalla 4-cü yerdə gedir. İki komanda arasındakı əvvəlki 9 oyundan yalnız birində “Şamaxı” qələbə qazanıbsa, "Turan Tovuz" 5 dəfə sevinib. Daha 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində Tovuz təmsilçisinin cüzi üstünlüyü var - 13:10.
“Turan Tovuz” son 7 görüşdə uduzmayıb. Tovuz təmsilçisi bütün matçlarda qol vurub.
Son qarşılaşma isə "Qəbələ" və "Sabah" arasında olacaq. Qəbələ şəhər stadionunda saat 17:00-da başlanacaq görüşü sabiq FIFA referisi Rauf Cabarov idarə edəcək. Hazırda "Qəbələ" 14 xalla 10-cu, "Sabah" 46 xalla 1-ci yerdə gedir.
Əvvəlki 24 görüşün 7-də "qırmızı-qaralar", 14-də Masazır təmsilçisi qələbə qazanıbsa, 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "bayquşların üstünlüyü belədir - 39:22.
Son 6 matçda meydan sahibi olan komanda qalib gəlib. “Qəbələ” son 2 ev görüşündə qapısını toxunulmaz saxlayıb.
Azərbaycan Premyer Liqası, XX tur
16 fevral (bazar ertəsi)
14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı şəhər stadionu
17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı, "Qarabağ" səfərdə "İmişli"ni eyni hesabla yenib - 1:0. "Neftçi" isə nominal qonaq qismində "Kəpəz"i məğlubiyyətə uğradıb - 3:1.












































































