"Qəbələ"nin futbolçusu İbrahim Sanqare evdə "Sabah" komandasına 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçının sonlarında baş vermiş mübahisəli epizodu dəyərləndirib.
Fransalı hücumçu Sportnet.az-a eksklüziv açıqlamasında topun onun əlinə toxunmasının bilərəkdən baş vermədiyini söyləyib.
32 yaşlı forvardın sözlərinə görə, top onun əlinə dəyənədək, "Sabah"ın iki futbolçusu - Stiv Solvet və İqor Noqeyra əllə oynayıblar: "Rəqib futbolçuların özləri məndən əvvəl topa əllə toxundular. Ona görə düşünürəm ki, baş hakim Rauf Cabarov səhv qərar verdi. O, həm qolumuzu ləğv etdi, həm də penalti vermədi. Videoda da bu, açıq-aydın görünür".
Qeyd edək ki, 87-ci dəqiqədə "Qəbələ"nin vurduğu qol epizodunda top əvvəlcə Stiv Solvetin əlinə dəyərək istiqamətini dəyişib, daha sonra "qırmızı-qaralar"ın hücumçusu İbrahim Sanqareyə gələn topa İqor Noqeyra da əllə müdaxilə edib. Baş hakimi Rauf Cabarov isə topla Solvet və Noqeyranın əllə oynadığını bildirərək, nə qolu sayıb, nə də "Sabah"ın qapısına penalti təyin edib. Nəticədə "Qəbələ" görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.











































































