"Qəbələ" klubu bu mövsüm üzləşdiyi hakim ədalətsizlikləri ilə bağlı açıqlama yayıb.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" əvvəlcə Azərbaycan Premyer Liqasında XX turun "Sabah"la ev oyununun 87-ci dəqqəsində vurduğu təmiz qolun sayılmamasına etiraz edib.
Açıqlamada bildirilir ki, həmin epizodda top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın (!) baxdıqdan sonra baş hakimi monitora dəvət edib: "Hesab edirik ki, “Qəbələ”nin qaydalar çərçivəsində vurulmuş qolu hesaba alınmadı və komandamız ən azı 1 xaldan məhrum oldu. Bu, cari mövsümdə ikinci belə hal idi".
Buna qədər VIII turun “İmişli” ilə 2:2 hesablı heç-heçə ilə nəticələnmiş səfər matçında baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə hesab 2:0 "Qəbələ"nin xeyrinə olarkən, Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərməyib. Daha sonra Ronaldo de Souza rəqib komandanın qollarından birinin müəllifi olub. AFFA Hakimlər Komitəsi baş hakimin səhvə yol verdiyini etiraf edib. Bu isə artıq “Qəbələ”nin cari mövsümdə 3 xalının əlindən alınması deməkdir.
Rauf Cabarova gəlincə, "Qəbələ" onun XVII turda “Karvan Yevlax”la ev oyununda bənzər epizodda "Sabah" lehinə qərar verdiyini xatırladıb: "Gözləri qarşısında top hücumda olan oyunçunun əlinə dəysə də, Cabarov davam işarəsi verdi. Hücumun davamında isə digər futbolçunun vurduğu qol hesaba alındı. Oxşar epizod, fərq ondadır ki, bu dəfə Rauf Cabarov “Qəbələ”nin qolunu qeydə almadı".
"Ümid edirik ki, AFFA Hakimlər Komitəsi məsələyə obyektiv qiymət verəcək", - deyə klub açıqlamasında vurğulayıb.