Cənubi Azərbaycanın "Traktor" klubu baş məşqçi postunda dəyişiklik edib.
Sportnet.az İRNA agentliyinə istinadən xəbər verir ki, komanda ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən xorvatiyalı mütəxəssis Draqan Skociç vəzifəsindən ayrılıb.
Skociç ötən mövsüm "Traktor"u uzun fasilədən sonra İran çempionluğuna daşıyaraq klub tarixində mühüm uğura imza atmışdı. Cari mövsümdə isə komanda həm ölkə çempionatında, həm də Asiya Çempionlar Liqasının elit mərhələsində inamlı çıxış edirdi.
Ayrılığın səbəbi
Ötən həftə Qətərdə "Əl-Sədd" klubuna məğlubiyyətdən sonra Skociçlə komandanın kapitanı Şüca Xəlilzadə arasında sözlü mübahisə yaşanıb. Tərəflərin barışdığı bildirilsə də, xorvatiyalı mütəxəssis rəhbərliyə ayrılmaq istədiyini çatdırıb. Klub rəhbərliyinin onu qərarından daşındırmaq cəhdləri nəticə verməyib və müqavilə rəsmi şəkildə ləğv olunub.
Yeni baş məşqçi – Məhəmməd Rəbiyi
Skociçin istefasından əvvəl müxtəlif namizədlər, o cümlədən Yəhya Qolməhəmmədi ilə bağlı iddialar səslənsə də, klub rəhbərliyi seçimində başqa qərara gəlib.
44 yaşlı iranlı mütəxəssis Məhəmməd Rəbiyi ilə yekun razılıq əldə olunub və müqavilə imzalanıb.
Rəbiyi daha əvvəl "Zob Ahan" və "Mes Rəfsəncan" klublarında baş məşqçi kimi çalışıb və bu komandalarla uğurlu nəticələr qazanıb. Mövsümün əvvəlində Xeybər Xürrəmabad ilə anlaşsa da, liqa start götürməzdən əvvəl klubdan ayrılmışdı.
Qarşıdakı oyunlar
Rəbiyinin “Traktor”un baş məşqçisi kimi debütü İran Liqasının XXII turunda "Malavan Bəndərənzəli" ilə görüşə təsadüf edə bilər.
Komanda bu gün isə Asiya Çempionlar Liqasının elit mərhələsinin son turunda Qətərdə "Əl-Qarafa" ilə qarşılaşacaq.













































































