“Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında baş məşqçi Eddie Hau heyət seçimi və komandanın hazırkı durumu barədə fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 49 yaşlı mütəxəssis əsas məqsədin növbəti qələbəni qazanmaq və müsbət ritmi qorumaqdan ibarət olduğunu bildirib.
Onun sözlərinə görə, ilk oyundakı 6:1 hesablı inamlı qələbəyə baxmayaraq, komanda cavab görüşünə ciddi yanaşır: “Heyətə baxacağıq və güclü komanda seçməyə çalışacağıq. Oyunu qazanmaq ilk hədəfimizdir. Müəyyən mənada futbolçuların yaxşı ritmini qorumaq istəyirik. Rotasiya ilə oyunçuların təravətli qalması və eyni zamanda ritmin itirilməməsi arasında incə balans var”.
İlk görüşdə Bakıda dörd qol vuran Entoni Gordon, eləcə də digər qolların müəllifləri Malick Tşau və Ceykob Mörfi komandanın böyük üstünlük qazanmasında əsas pay sahibləri olublar. Hau müdafiəçi Sven Botman və hücumçu Yoan Vissa barədə də danışıb. Baş məşqçi onların sabahkı oyunda iştirak edə biləcəyinə ümid etdiyini deyib: “Ümid edirik ki, heyətdə olacaqlar. Sabah səhər vəziyyətlərinə baxacağıq, amma inanıram ki, hər şey yaxşı olacaq”.
Təcrübəli mütəxəssis bu mövsüm Çempionlar Liqasındakı oyunlardan razı qaldığını vurğulayıb: “Çempionlar Liqasında bir neçə möhtəşəm performansımız olub. Sanki ən yaxşı oyunumuzu məhz bu turnir üçün saxlamışıq. "Qarabağ"a qarşı ilk matçda nəticədən çox göstərdiyimiz oyun və "aclıq" məni sevindirdi. Çatmaq istədiyim səviyyə budur”.
Hau əlavə edib ki, mövsümün əvvəlində qarşıya qoyulan əsas məqsəd 1/8 final mərhələsinə yüksəlmək idi: “Turnir başlamazdan əvvəl bunu hədəf kimi müəyyənləşdirmişdik. O mərhələyə çatdıqdan sonra hər şey mümkündür. Amma əvvəlcə sabahkı oyunu qazanmalıyıq və diqqətimiz yalnız bundadır”.
Qeyd edək ki, fevralın 24-də "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cütün qalibi növbəti raundda İspaniyanın "Barselona" və ya İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.


















































































