"İlk növbədə, komandama, futbolçularıma təşəkkür etmək istərdim. Çünki çox uzun, maraqlı mövsüm keçirdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Nyukasl"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis komanda üzvlərinin hər birindən göstərdikləri oyun, performans və xarakterə görə razılığını bildirib: "Onlar bu gün də son oyunumuzda özlərini maksimum yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı qarşılaşmadan sonra komandanı psixoloji cəhətdən hazırlamaq heç də asan deyildi. Lakin yenə ilk hissənin əvvəllərindəki iki qoldan sonra futbolçularımız özlərini ələ ala bildilər və oyundan sonadək qopmadılar. Hər birinə təşəkkür edirəm. Eyni zamanda, fürsətdən yararlanaraq, "Nyukasl" azarkeşlərinə də təşəkkür edirəm. Öz komandalarını dəstəkləməyə gəlsələr də, hətta bəzən bizə də azarkeşlik edirdilər. Etdiyimiz yaxşı hücumlara, vurduğumuz qola əl çaldılar. Bakıya gələn azarkeşlər də çox razı qayıtmışdılar, Bakı haqqında danışaraq fikirlərini bildirmişdilər. Ümumiyyətlə, Azərbaycan paytaxtından çox pozitiv notlarla qayıtmışdılar. "Nyukasl"a uğurlar arzulayıram. Sonda isə bu marafonumuzda bizə güvənən, həm evdə, həm səfərdə, həm udduğumuz, həm də uduzduğumuz matçlarda bizimlə olan azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. Onları sevindirməyə və böyük futbolun nə olduğunu göstərmək üçün hər şeyin ən yaxşısını etməyə çalışdıq".
Qurbanov jurnalistlərin suallarını da cavablandırıb.
- "Qarabağ"ın bundan sonrakı "yol xəritəsi"ndə nələr var?
- Əsas mərhələdəki hər bir oyun bizim üçün böyük təcrübə oldu. Çünki çox böyük klublara və fərqli-fərqli sistemdə çıxış edən klublara qarşı oynadıq. Hər oyunda rəqibə fərqli yanaşırdıq. Amma bizim üçün böyük təcrübə xüsusilə İngiltərə komandalarına qarşı oynamaq oldu. Əvvəlcədən də fikirlərimi bildirmişdim ki, İngiltərə futbolu Avropa futbolundan çox fərqlənir. Böyük klublara qarşı oyunlar keçirmək və komandanı qarşılaşmalara hazırlamaq böyük təcrübə oldu. Əlbəttə, istərdim ki, daha yaxşı oyunlar keçirək. Amma düşünürəm ki, özümüzü mümkün qədər yaxşı tərəfdən göstərə bildik. Məncə, bunlar yaddan tez çıxmayacaq. Çünki futbolçular həm fiziki, həm də psixoloji cəhətdən çox yoruldular, bəzi matçlarda çox böyük zərbələr aldılar. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsəd həmişə maksimum olub. Nə qədər irəli gedə biləriksə, ondan maksimum yararlanmağa çalışmışıq. Yenə də qısa müddətdə toparlanmalıyıq. Komandanı qısa müddətdə normal, sağlam vəziyyətə gətirməliyik. Sonra isə başda mən, sonra isə futbolçular yaxşı-yaxşı fikirləşməliyik ki, qarşıdakı aylarda, illərdə daha uğurlu işlər görək.
- İlk oyunun ikinci hissəsində və cavab görüşündə "Qarabağ" 5-3-2 taktiki sxemi ilə oynadı. Lakin 5-li müdafiənin qarşısındakı xətlərdə problemlər var idi. Ona görə də "Nyukasl" futbolçuları ora rahat girə bilirdilər və bu, təhlükəyə səbəb olurdu. Gələcəkdə bunu həll etməyi düşünürsünüz?
- Əlbəttə, hər komandanın öz oyun sistemi və meydançada düzülüşü var. Qarşımızda qoyulan birinci məqsədimiz öz oyun sistemimizi qorumaq və daha da yaxşılaşdırmaqdır. Amma bəzən qarşımızda elə rəqib olur ki, həm topla yaxşı davranır, həm fiziki-taktiki gücdə olur. Belə komandalara qarşı hansısa dəyişikliklərə əl atmalı oluruq. Buna görə - elə o boşluqları doldurmaq üçün həm Bakıda, həm də burada 5-li müdafiəni seçdik. Çünki orta sahə oyunçuları istər-istəməz önə daha meylli olurlar. Onların arxalarında daha çox oyunçu olmasından ötrü belə bir qərar vermişdik. Məqsədimiz yenə də öz oyun sistemimizi və düzülüşümüzü qoruyub saxlamaq, onu daha da inkişaf etdirməkdir. Hər bir sistemi dəyişmək üçün gərək ona uyğun oyunçuları əldə edərək, saylarını çoxaldasan. Bugünkü uğurlarımızı illərdir bu oyun və sistemimizlə etmişik. Ona uyğun da oyunçular dəvət edirik. Amma görsək ki, qarşıdakı avrokubok oyunları bizə daha çətin olur, bəlkə hansısa addım ata, sistemdə dəyişiklik edərik.
- "Qarabağ" standart vəziyyətləri yaxşı yerinə yetirə bilmir və standart vəziyyətlərdən qollar buraxır. Bununla bağlı gələcək üçün planınız nədir?
- Məncə, bu, daha çox rəqibin gücünü göstərir. Bəli, hazırlıq görürük, məşqlərdə rəqiblərin yerinə yetirdikləri bəzi standart vəziyyətlərə hazırlaşırıq, amma məsələyə real yanaşmaq lazımdır. Rəqib bizdən üstündür. Bu, onların üstün cəhətidir. Hər dəfə fərqli-fərqli standart vəziyyətlər yerinə yetirirdilər. Qabaritləri çox böyük, fiziki cəhətdən hazırlıqlı futbolçuları var idi. Belə komandalara qarşı oynamaq istər-istəməz çətindir. Həm də İngiltərədə belə standart vəziyyətlərdə bütün komandalar çox üstün oynayırlar. Bu gün ümumilikdə dünya futbolunda standart vəziyyətlər bəlkə də qalibiyyətin 30 faizidir. Bu gün təkcə standart vəziyyətlərdə deyil, ümumiyyətlə, futbolun strukturunda geridəyik. Avropa futbolu isə çox böyük sürətlə inkişaf edir. Hər halda, buna da diqqət ayırırıq və daha da möhkəm, sərrast olmaq istəyirik.
- Rəqib komandaların futbolçuları boy-buxunda, fiziki hazırlıqda və sürətdə xeyli üstələyəndə onlara qarşı "Qarabağ" heç nə edə bilmədi. Sizcə, gələcəkdə nə isə etmək olarmı?
- İş orasındadır ki, biz bir addım irəli getməyi bacarırıqsa, Avropa futbolu daha çox irəli gedir. Zatən biz onlardan geridəyik, amma yenə də daha sürətlə inkişaf edirlər. Bəzən oturub futbolu analiz edirik. Əvvəllər futbolda bu qədər detal yox idi. Komandalar, futbol elə formalaşıb ki, hər bir epizoddan maksimum istifadə edirlər. Standart vəziyyətlər, əks-hücumlar və digər kombinasiyaların hamısı daha sürətlə inkişaf edib. Elm kimi futbol da həddindən artıq sürətlə inkişaf edir. Avropa ölkələri futbola çox böyük yatırımlar qoyur. Futbol 11 nəfərin çıxıb məşq etməsindən və oynamasından ibarət deyil. Ondan da vacib olan o qədər detal var ki... İnfrastruktur, sağlamlıq, qidalanma, bərpa kimi bir çox məsələlərdə çox geridəyik. Bu qədər səbəbə baxmayaraq, futbolçularım çox böyük qəhrəmanlıq göstərdilər. Həmişə cəsarətli olmağa, istənilən rəqibə qarşı ayaq üstə möhkəm durmağa çalışmışıq. Bunu biz minimum bacardıq. Bəlkə də rəqiblər belə cəsarətli olacağımızı gözləmirdilər. Sonda Azərbaycan reallığında belə bir uğur əldə etdik. Azərbaycan futbolu, klubu və azarkeşi olaraq, çox böyük təcrübə topladıq.












































































