Braziliyalı futbolçu Vaqner Lav karyerasını yaddaqalan şəkildə başa vurub.
Sportnet.az xəbər verir ki, hazırda Braziliyanın "Retro" komandasında çıxış edən 41 yaşlı forvard ölkə çempionatının üçüncü liqasında "Seara" ilə oyunda əlavə olunmuş vaxtda qol vurub.
Görüş "Retro"nun qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Vaqner Lav həftənin əvvəlində karyerasını başa vurduğunu açıqlamışdı.
Braziliyalı futbolçu 2004 – 2011-ci illərdə, eləcə də 2013-cü ildə Rusiya MOİK-inin formasını geyinib. O, Moskva klubunun heyətində 259 oyunda 124 qol vuraraq klub tarixinin ən yaxşı bombardirləri siyahısında Qriqori Fedotovdan (137 qol) sonra ikinci pillədə qərarlaşıb.
Vaqner Lav MOİK-lə birlikdə üç dəfə Rusiya çempionu, altı dəfə ölkə kubokunun, dörd dəfə Superkubokun qalibi olub, həmçinin UEFA Kubokunu qazanıb.
Karyerasının son illərində onun Azərbaycanda çıxış edəcəyinə dair xəbərlər yayılsa da, rəsmi təsdiqini tapmayıb.








































































