AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyir ki, Azərbaycan millisinin uğurunu kiçiltmək olmaz.
Sosial şəbəkələrdə yazılanlara fikir vermirik. Bəs AFFA-nın özü qələbəni böyütmək bir yana, elə ilk titula layiq mərasim təşkil etmək üçün nə etdi?
AFFA prezidenti Rövşən Nəcəf niyə mükafatlandırma mərasiminə gəlmədi?
İcraçı vitse-prezident Sərxan Hacıyevlə baş katib Cahangir Fərəcullayev birlikdə Rövşən Nəcəfin yerini verməz.
Bu nə mükafatlandırmadır? Eləcənə Emin Mahmudovun əlinə bir cuppulu kuboku verdilər ki, qaldır getsin.
Bəs hanı bunun fişəngi, yerdən qalxıb asimana bülənd olan od-alovu, türkiyəli qardaşlarımız demiş, məşələsi, havayi-fişəngi?
Tam ciddi soruşuram: Niyə atəşfəşanlıq olmadı?
Odur ki, yoldaş Fərəcullayev, millinin uğurunu kiçildən bir şəxs, bir qurum varsa, o da sizsiniz, o da AFFA-nın elə özüdür!
Görün, Azərbaycan Premyer Liqasının çempionu, ölkə kubokunun qalibi daha səviyyəli təltif olunacaq, yoxsa milli komanda?!
Əlbəttə, qələbə - qələbədir. Martın 27-də qabağımıza Sent Lüsiya çıxmışdı - 6:1 udduq. ötən gün də Syerra Leone çıxmışdı - penaltilərlə udduq.
Tənqid eləyəsi o qədər əyər-əskik var ki... Tənqid edirik də. Bəlkə də bir çoxlarının nəyə görəsə deyə bilmədikləri ən sərt tənqidləri bizim səhifələrimizdə görürsünüz, oxuyursunuz. Yenə də nəyi əyri görsək, tənqidlər edəcəyik.
Amma nə Sent Lüsiya, nə də Syerra Leonenin bizə rəqib olmasına görə günahkar deyilik. Rəqib olublar, oynamışıq, udmuşuq və bəlkə də milli komanda tarixində ilk titulu qazanmışıq.
Təki qələbə olsun, daim udaq, sevinək!
Təbriklər, milli komanda!
AFFA-ya isə belə zəif mükafatlandırma mərasiminə görə yazıqlar olsun!