"Bu gün bizim üçün əlamətdar gündür: Çexiya şirkəti ilə uşaq və gənclər futbolunun inkişafına yönəlmiş mühüm müqavilə imzalayırıq".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev "Eyeball" şirkəti ilə anlaşma mərasimində deyib.
Fərəcullayev bildirib ki, bu əməkdaşlıq rəqəmsal və data analiz əsaslı sistem üzərində qurulub: "Etiraf etməliyik ki, biz bu sahədə müəyyən qədər geridə qalmışıq. Bəlkə də “tapşırılmış”, güclü olmayanlar çağırırılır. Bundan sonra biləcəyik ki, ən yaxşı oyunçular millilərə cəlb olunurmu? Bizim oyunçular Avropada çox az çıxış edir. Legioner həyatı yaşaya bilmirlər, market kimi Avropaya maraqlı deyil. Növbəti iki il ərzində dünya skautları dataları izləyə biləcək. Yeni müqavilə ilə klublarda innovativ yanaşmalar tətbiq olunacaq. Xüsusilə də, aşağı yaş qruplarında – məsələn, U-15 komandalarının oyunları kameralar vasitəsilə analiz ediləcək, oyun fraqmentləri üzərindən geniş məlumat bazası formalaşdırılacaq. Bu sistem hər bir gənc futbolçunun performansını detallı şəkildə qiymətləndirməyə imkan verəcək. Onların güclü və zəif tərəfləri müəyyən olunacaq, bütün məlumatlar rəqəmsal bazada toplanacaq. AFFA olaraq bu prosesə ciddi nəzarət ediləcək. Bu isə milli komandaya seçim prosesində daha obyektiv qərarların verilməsinə kömək edəcək".
Baş katibin sözlərinə görə, digər mühüm məqam azərbaycanlı futbolçuların legioner həyatı ilə bağlıdır: "Təəssüf ki, Azərbaycan bazarı hazırda bu baxımdan kifayət qədər cəlbedici deyil. Lakin qarşıdakı iki il ərzində bu sistem vasitəsilə Avropa skautları oyunçularımızı daha yaxından izləyə biləcək. Biz bəzən 24-25 yaşlı futbolçuları gənc hesab edirik, amma Avropada bu yanaşma fərqlidir – orada əsas diqqət 16-17 yaşlı oyunçulara yönəlir. Bu müqavilə də məhz gənc futbolçularımızın gələcəyi üçün böyük əhəmiyyət daşıyır".


















































































