"Fasilədən səmərəli istifadə etdik. Həm texniki, həm də taktiki məşqlərə çox vaxt ayırdıq. Eyni zamanda, fiziki hazırlığımızı da yaxşılaşdırmağa xüsusi diqqət yetirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Mate Abuladze klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gürcüstanlı müdafiəçi "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından danışıb:
"Turnir cədvəlinə baxsaq, bizi prinsipial qarşılaşma gözləyir. Ortada 6 xallıq mübarizə var. "Qəbələ"nin Kaxaber Tsxadadze kimi gürcü baş məşqçisi var. Bu, mənim üçün oyunu daha da maraqlı edir".
Son olaraq, 25 yaşlı oyunçu son dövrlərdə komandaya olan azarkeş dəstəyindən bəhs edib: "Onların dəstəyi bizim üçün meydançada 12-ci oyunçunun olmasına bərabərdir. Hər bir qarşılaşmada azarkeş dəstəyini hiss edirik. Ümid edirəm ki, matçdan sonra yenə qələbəni bir yerdə qeyd edəcəyik".
Qeyd edək ki, aprelin 5-də Yevlax şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qəbələ" matçı saat 15:30-da başlanacaq.













































































