"Sabah" layiqli oyunla layiqli qələbə qazandı və haqq etdiyi Bizon Azərbaycan Kubokuna sahib çıxdı. Təbriklər!
Oyun bitər-bitməz AFFA prezidenti Rövşən Nəcəf də "Sabah"ı təbrik etdi. Artıq o, podiuma mükafatlandırmaya qalxdığı vaxt uzun bir təbrik mətni hazır, redaktə olunmuş formada özünün X səhifəsində qoyulmuşdu.
Hətta AFFA-nın rəsmi saytı belə, onun səhifəsi ilə ayaqlaşa bilməmişdi. Bu, Rövşən Nəcəfin sosial şəbəkə hesabını idarə edənlərin necə də çevik, operativ olduğunu göstərir!
Təbrik mətni geniş və dolğun cümlələrlə bəzədilmişdir. Hansı ki, "Qarabağ" Çempionlar Liqasında qələbələr qazananda heç o uzunluqda təbrik olmurdu.
Bu, AFFA prezidentinin ölkə futboluna necə də böyük önəm verdiyini göstərir. O gün olsun ki, "Sabah" Çempionlar Liqasında qələbələrini sıralayanda Rövşən Nəcəfin "Sabah" və "Qarabağ"a yazdığı təbriklərini müqayisə edək!
Təbrik mətnində belə bir cümlə diqqətimi çəkdi: "İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız".
Hörmətli AFFA rəhbərliyi!
Axı "Sabah" Azərbaycanı beynəlxalq arenada Azərbaycan Kubokunun yox, Azərbaycan Premyer Liqasının qalibi kimi təmsil edəcək. Azərbaycan Kubokundakı qələbə "Sabah"a tituldan başqa heç nə qazandırmadı!
Hə, əgər "Sabah" çempion olmasaydı, yalnız Azərbaycan Kuboku ilə kifayətlənsəydi, bəli, avrokubokda Azərbaycan Kubokunun sahibi kimi çıxış edəcəkdi. İndiki halda isə bu klub Çempionlar Liqasında məhz çempion olduğu üçün mübarizə aparacaq. Axı Azərbaycan Kubokunun sahibi Çempionlar Liqasına vəsiqə qazana bilməz!
Bu məqamı SOCAR rəsmiləri bilməyə bilər, amma AFFA-nın baş katibi Cahangir Fərəcullayev və ya digər rəsmi şəxslər olaraq, Rövşən Nəcəfin diqqətinə siz çatdırmalı idiniz!
Vaxtınız olanda futbol savadınızı artırın!