"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
- Birinci hissədə bərabər səviyyəli oyun keçdi. İki komanda da hücum edirdi. Bəli, "Qarabağ" daha çox hücumda idi. Amma biz də əks-hücumlarda keyfiyyətli idik. Zədəlilərimizə baxmayaraq, birinci hissədə müdafiə xəttimiz yaxşı oynadı. Amma ikinci yarıda ilk qolu tez buraxdıq. Bu da komandaya böyük çətinliklər yaratdı. Buna baxmayaraq, "İmişli" qol vurmağa çalışdı. Amma 2-ci qoldan sonra komanda həvəsdən düşdü. Son 20 dəqiqədə "Qarabağ" topu özündə çox saxlayırdı. Nəticə ədalətlidir. Onları qələbə və Avropa Liqasına vəsiqə münasibəti təbrik edirəm. İkinci hissədə cavan və yerli oyunçuları meydana buraxdıq. Çünki onlar üçün bu cür böyük komandalara qarşı oynamaq vacibdir. Bizə borcdur ki, yerli oyunçularımız da təcrübə qazansın. Çünki üç tur qabaq hədəfimizə çatmışıq. Ona görə də bu görüş cavanlarımız üçün də vacib idi. Oyunçularımı da təbrik edirəm. Qarşıdakı oyunda da cavan oyunçulardan istifadə etməyə çalışacağıq.
- Mövsümün sonunda komandadan gedəcəyinizlə bağlı xəbərlər dolaşır. Özünüz komandada qalmağı planlaşdırırsınız, yoxsa başqa klubda işləyəcəksiniz?
- Mediada haqqımda çıxan xəbərlər doğru deyil. Dəqiq olan şey odur ki, bütün diqqətim son tura qədər "İmişli"də işləmək, yaxşı nəticə vermək və mövsümün sonunda Portuqaliyaya geri qayıtmaqdır.
- Andrey Sinenka hazırda Bakıdadır, yoxsa necə?
- Sinenka məşqlərdə bizimlədir. Amma zədəsinə görə necə olacağı bilinmir.















































































