Asiya Çempionlar Liqası 2-nin 2025/2026 mövsümünün final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Yaponiyanın “Qamba Osaka” komandası ilə üz-üzə gəlib.
Ər-Riyadda yerləşən “Kinqdom Arena” stadionunda keçirilən qarşılaşma Yaponiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Oyunda yeganə qolu 30-cu dəqiqədə Türkiyə əsilli hücumçu Denis Hümmet vurub. Bununla da “Qamba Osaka” turnirin qalibi olub.
“Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştianu Ronaldu matçın tamamında meydanda olsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Səudiyyə klubu finala gedən yolda yarımfinalda Qətərin “Əl-Əhli” komandasını 5:1 hesabı ilə darmadağın etmişdi. “Qamba Osaka” isə Taylandın “Banqkok Yunayted” klubunu 3:0 hesabı ilə məğlub etmişdi.
Bu məğlubiyyətlə Ronaldu “Əl-Nəsr”ə keçidindən sonra növbəti titulunu da əldən verib. Portuqaliyalı hücumçu 2023-cü ilin yanvarından etibarən çıxış etdiyi klubda iştirak etdiyi 14 turnirin heç birində çempion ola bilməyib.
Ronaldu bu müddətdə Səudiyyə Ərəbistanı çempionatı, ölkə kuboku, superkubok, Asiya Çempionlar Liqası və Asiya Çempionlar Liqası 2-də uğursuzluqla üzləşib.
Bununla belə, “Əl-Nəsr” hələ də Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq uğrunda mübarizəni davam etdirir. Mövsümün son turuna bir oyun qalmış komanda turnir cədvəlinin lideridir və ən yaxın izləyicisi “Əl-Hilal”ı 2 xal qabaqlayır. “Əl-Nəsr” son turda “Damak”la qarşılaşacaq.















































































