Rusiyanın "Sport-Ekspress" nəşri XXI əsrin ən yaxşı futbol məşqçisini müəyyənləşdirmək üçün genişmiqyaslı sorğu keçirib.
Sportnet.az xəbər verir ki, sorğuda qəzetin jurnalistləri, ölkənin aparıcı KİV nümayəndələri, eləcə də "Match TV" və Okko platformalarının şərhçiləri daxil olmaqla ümumilikdə 50 nəfər iştirak edib.
İştirakçılar özlərinin ilk "10-luq" siyahısını təqdim ediblər. Şərtlərə əsasən, məşqçilərin 1 yanvar 2001-ci ilədək qazandıqları nailiyyətlər nəzərə alınmayıb. Birinci yerə 10, ikinciyə 9, üçüncüyə 8 və bu qayda ilə onuncu yerə qədər 1 xal verilib.
Səsvermənin nəticələrinə əsasən, birinci yeri 203/2014 mövsümündə "Qəbələ"də çalışmış əfsanəvi baş məşqçi Yuri Syomin tutub. O, "Lokomotiv"lə üç dəfə Rusiya çempionu olub, altı dəfə ölkə kubokunu qazanıb və komandanı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə çıxarıb. Syomini 50 iştirakçıdan 18-i birinci yerə layiq görüb, 45 nəfər isə onu ilk üçlükdə göstərib.
İkinci pillədə Valeri Qazzayev qərarlaşıb. Təcrübəli mütəxəssis ÇSKA ilə üç dəfə Rusiya çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb və 2005-ci ildə UEFA Kubokunu əldə etməklə Rusiya futboluna ilk avrokuboku gətirib. Qazzayev 15 dəfə birinci yer səsi alıb və 44 iştirakçı tərəfindən ilk üçlükdə göstərilib.
Üçüncü yerdə isə hazırda "Turan Tovuz"un sükanı arxasında olan Kurban Berdıyev qərarlaşıb. Türkmənistanlı mütəxəssis "Rubin"i iki dəfə Rusiya çempionu edib və "Rostov"la gümüş medal qazanıb. O, altı dəfə birinci yerə layiq görülüb və 15 dəfə ilk üçlükdə yer alıb.
Yekun ilk onluqda sonrakı pillələrdə Sergey Semak, Stanislav Çerçesov, Leonid Slutski, Oleq Romantsev, "Sabah"ın sabiq baş məşqçisi Murad Musayev, Valeri Karpin və Vladimir Valentinoviç Fedotov da yer alıblar.


































































