Qazaxıstanın Karaqanda şəhərini təmsil edən "Şaxtyor" klubunun əslən azərbaycanlı futbolçusu Akif Həsənovun "Qaradağ Lökbatan"a keçdiyinə dair açıqlamasının həqiqətə uyğun olmadığı müəyyənləşib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, klubun rəsmi saytı 19 yaşlı hücumçunun "Qaradağ Lökbatan"la müqavilə bağladığını iddia edib.
Hətta onun yarım illik anlaşdığı klubda 94 nömrəli forma ilə çıxış edəcəyi bildirilib. Futbolçunun özü də "Sports.kz"yə müsahibəsində məlumatı təsdiqləyib: "Klubla mövsüm sonunadək klubla müqavilə imzalamışıq. "Qaradağ Lökbatan"a baxışa getmişdim. Baş məşqçi məni mərkəz hücumçusu mövqeyində görür. Ancaq cinah yarımmüdafiəçisi kimi də oynaya bilirəm".
"Qaradağ Lökbatan" tərəfi futbolçunun fikirlərinə münasibət bildirib. Komandanın baş məşqçisi Əfqan Talıbov gənc futbolçunun bu yaxınlarda komandada baxışda olduğunu, lakin yerli futbolçulardan fərqlənmədiyini deyib: "Onu yoldaşlıq oyunu və məşqdə yoxladıq. Komandaya tez alışa bilmədi. Fiziki hazırlığı güclü olsa da, oyun səviyyəsi bizim futbolçulardan üstün deyil. Ona görə də özünə dedim ki, bu çatışmazlıqları aradan qaldırsın və mayda komandamıza qoşulsun".
Klub prezidenti Tahir Mustafayev də baş məşqçinin dediklərini təsdiqləyib: "O, sadəcə bizdə baxışda olub. Bəyənməmişik, baş məşqçi deyib formaya düş, mayda gələrsən. Mən bugünkü vəziyyəti deyirəm. Məsələ ondan ibarətdir ki, ortada heç bir müqavilə yoxdur. Əgər varsa, göstərsin".
A.Həsənov bundan öncə Bakının "Neftçi" komandasının düşərgəsində olub. Lakin flaqmanla da anlaşma əldə olunmayıb. Futbolçu müsahibəsində "ağ-qaralar"la razılığa gələ bilməməsinin səbəbini bu cür izah edib: "İşlərim "Neftçi"də kifayət qədər yaxşı idi. Müqavilə imzalamağa getdiyimdə mənə dedilər ki, yalnız bir halda "Neftçi"də oynaya bilərsən. Bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməlisən. Təbii ki, mən bu təkliflə razılaşmadım və müqavilədən imtina etdim".
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov Həsənovun dediklərini təkzib edib: "Həsənov bizdə əvəzedici komandada baxışda olub. O da məşqçilər heyətini qane etməyib və göndərilib. Bu, adi baxış prosesidir. Başqa heç bir söhbət olmayıb. Bunların hamısı əsassız fikirlərdir".