"Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azadın Sportnet.az-a müsahibəsi
- "İnter”lə oyunu necə dəyərləndirərdin?
- Çətin oyun idi. İlk hissədə pis oynadıq. Ancaq ikinci hissədə bir az artırdıq, yaxşı təsir bağışladıq. Təəssüf ki, buraxdığımız yeganə qolla uduzduq.
- "Sumqayıt”ın ön xətti yaxşı hücumçulardan təşkil olunub. Sən də ötən mövsüm qollar vururdun. Ancaq bu mövsüm qol vurmaqda çətinlik çəkirsiniz. Bunu nə ilə əlaqələndirirsən?
- Bir qol vuraq, ardı gələcək. Ümidimizi itirməmişik.
- Axı AZAL-la oyunda 2 qol vurmuşdunuz.
- Düzdür, ancaq bunu davam etmək lazımdır. AZAL-dan sonra "Qarabağ” və İnter”ə qol vura bilmədik. "Qarabağ” çətin rəqibdir. "İnter”in də yaxşı müdafiəsi var.
- Bəlkə gücünüzü kubokda "Qarabağ”la cavab oyununa saxlamısıınız?
- Yox. Yüz faiz gücümüzü qoymuşduq. "Qarabağ”la oyunda da belə olacaq. Çalışacağıq ki, yarımfinala keçək.
- Oyunun sonuna yaxın verilməyən penalti ilə bağlı mübahisə oldu. Həmin epizodda yaxın idin. Səncə, penalti var idi?
- Mən gördüm ki, top rəqibin əlinə dəydi. Normalda bu, penaltidir. Ancaq hakim vermədi.
- Əllə oynadı, yoxsa əlinə dəydi?
- Arada məsafə böyük olduğundan bu zaman qayda pozuntusudur. Mən deyirəm ki, penaltidir. Özü də iki epizodda top ələ dəydi. Biri yüz faiz penalti idi. Futbolçumuz ötürmə verərkən rəqib topun qarşısını əllə kəsdi.
- Vaqif Cavadovun "Sumqayıt”a gəlişi ilə hücum xəttində canlanmanın yaranacağı gözlənilirdi. Ancaq Vaqif ümidləri doğrultmur...
- Bir futbolçu nə etsin? Çətindir. Hamımız çalışırıq ki, yaxşı olsun. Başqa futbolçu haqda danışmaq istəmirəm.