Azərbaycan Kubokunun cari mövsümünün bombardiri "Neftçi”nin futbolçusudur. Sportnet.az-ın məlumatına görə, bu, milli komandamızın da üzvü olan hücumçu Ruslan Qurbanovdur.
Gənc futbolçunun hesabında 4 qol var. O, ilk olaraq 1/8 finalda "Qarabağ Lökbatan”la matçda dubl edib. Bu, hazırkı turnirdə ən böyükhesablı qələbədir – 8:0. Qurbanov digər 2 qolunu "Xəəzr Lənkəran”la 1/4 final oyunlarında vurub.
Ruslanın yaxın izləyicisi də mübarizəni davam etdirir. Bu, hərəyə 3 qol vuran "Qəbələ”nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qayla "Qarabağ”ın isveçli hücumçusu Samuel Armenterosdur. Armenteros "Sumqayıt”la, Qay isə "Zirə” ilə cavab matçında dubla imza atmaqla bombardilər siyahısında 2-ci pilləyə şərik olublar.
Qeyd edək ki, Ruslan Qurbanovla Samuel Armenteros Premyer Liqada da ən sərrast oyunçular siyahısında yer alır. Burada da Ruslan Samueli 1 qol qabaqlayır. Hesabında 7 qol olan Qurbanov ən çox fərqlənən yerli statuslu futbolçudur. O, əcnəbi bombardirlər – braziliyalı yarımmüdafiəçi Riçard Almeyda ("Qarabağ”) və salvadorlu hücumçu Nelson Bonilyadan ("Zirə”) 1 qol geri qalır. Armenteros isə çempionatda 6 dəfə fərqlənib.