"Kəpəz” komandası Premyer Liqada qələbə seriyasını davam etdirə bilməyib. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin baş məşqçi olduğu komanda ötən tur AZAL-ı səfərdə yenəcəyi halda, ardıcıl 5-ci qələbəsini qazanaraq, cari çempionatın rekorduna şərik olacaqdı.
İniyədək yalnız "Qarabağ" ardıcıl 5 dəfə meydanı qalib tərk edə bilib. Ağdam təmsilçisi buna son 5 turda nail olub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən tur səfərdə "Xəzər Lənkəran”ı məğlub etməklə (2:1) həm rəqibini özünün "abunəçi”si edib, həm də cari çempionatın yeni rekordunu müəyyələnləşdirib. Bunadək rekordçu ardıcıl 4 qələbəyə malik "Zirə” olub.
Sabah start götürəcək 29-cu turun açılış matçında "Qarabağ”ın əsas stimulu öz rekordunu yeniləmək, liderliyini möhkəmlətmək olacaq. "Kəpəz” isə rekord əldən çıxandan sonra 14 illik sindroma son qoymağa köklənib. Axı gəncəlilər 2001/2002 mövsümündən bu yana ağdamlıları yenə bilmir. Sonuncu belə qələbə 2002-ci il aprelin 6-da gerçəkləşib - 3:0. O vaxtdan bəri 15 oyunun heç birində "Kəpəz"ə qələbə müyəssər olmayıb.
Maraqlıdır ki, həmin vaxt "Qarabağ-Azərsun” adlanan komandanın baş məşqçisi Şahin Diniyev olub. Təcrübəli mütəxəssis vaxtilə "Qarabağ-Azərsun”un baş məşqçisi kimi "Kəpəz”in onu məğlub etməsinə şahidlik etmişdisə, bu dəfə əks düşərgədə qələbə həsrətinə son qoymalıdır.
Gəncəlilər yenə məğlub olsalar, seriyalarını ən azı gələn çempionatadək davam edəcək, eyni zamanda bu mövsümün 2-ci "abunəçi”si olacaqlar. Axı "Qarabağ" əvvəlki 3 oyunda onu yenib. "Qarabağ” sayəsində ilk "abunəçi" olan "Xəzər Lənkəran” aşağı pillədə yer aldığından, bu nəticə normal qarşılanır. Amma medallara, Avropa Liqasına real namizəd olan "Kəpəz”ə rəqib lider olsa belə, ondan ardıcıl 4 məğlubiyyət almaq yaraşmaz.