Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün yeni rekordu qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, rəqib meydanında "Rəvan"ı 4:0 hesabı ilə məğlub edən "Zirə" çempionatın ən böyükhesablı səfər qələbəsini qazanıb.
Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də "Rəvan"la matça təsadüf etmişdi. Ötən il sentyabrın 25-də "Qəbələ" səfərdən 3 cavabsız qolla dönmüşdü. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə rəsmiləşib.
Bu, həm də "Zirə"nin Premyer Liqadakı ən böyük fərqlə qalib gəldiyi matç olub. Bunadək yalnız 1 belə qələbəsi olan paytaxt klubu evdə "Neftçi"ni 3 top fərqilə udub – 3:0. Səfərdə ilk dəfə böyük hesabla qalib gələn "Zirə" bu dəfə daha məhsuldar olub.
Bundan başqa həmin oyun mövsümün ilk het-triki ilə yadda qalıb. Meydan sahiblərini 3 dəfə məyus edən Nelson Bonilla ilkin müəllifi olub. Ölkə çempionatları tarixinə het-trik edən həm ilk salvadorlu, həm də ilk "Zirə" təmsilçisi kimi düşən hücumçu Premyer Liqadakı het-triksiz dövrə son qoyub. Ötən çempionatda da 3 qol vuran olmayıb. Düzdür, nəticələri ləğv olunan "Araz-Naxçıvan"la görüşlərdə bir dəfə belə uğura imza atan olub. Lakin nəticəsi tarixə düşməyən qarşılaşmanı saymasaq, sonuncu het-trik 2013/14 mövsümündə, 2014-cü il mayın 7-də qeydə alınıb. 704 gün əvvəl "Qarabağ"ın "İnter" üzərindəki 4:1 hesablı qələbəsində Reynaldo 3 qolla pay sahibi olub.
Bonillanın het-triki 1992-ci ildən keçirilən ölkə çempionatlarında bir futbolçunun bir görüşdə 3 qol vurduğu 175-ci belə hadisədir.