"Marafon təkcə idman rəqabəti deyil. Bu, Azərbaycan xalqının birliyini, gücünü nümayiş etdirir". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2016"ya qatılan təcrübəli mütəxəssis belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal sayır: "Ümumiyyətlə, son vaxtlar belə tədbirlərin keçirilməsi insanlarda, cəmiyyətdə birliyi artırır, böyük inam yaradır. Buna görə bu cür tədbirləri dəstəkləyirəm. Sağlamlıq, birlik, güc - bunların hamısı hər bir xalq üçün çox lazımdır. Düşünürəm ki, Azərbaycan xalqının ildən-ilə daha da bir, güclü olmağı bacardığı hiss olunur. Açığı, bugünkü marafona yalnız iştirak üçün gəlmişəm. İnşallah, növbəti yarışlara tam hazırlaşıb qaliblərdən biri olmağa çalşacağam".
Məlum olduğu kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü çempionluğununu artıq bu gün təmin edə bilər. Bunun üçün "Zirə" ilə səfər matçında qalib gəlmək lazımdır. Qurbanov hadisələri qabaqlamağı məqsədəuyğun saymayıb: "Hələ çempionluq haqda fikir bildirmək istəmirəm. "Zirə"yə qalib gəlsək, çempion olacağıq. Bu, asan olmayacaq".