"Qarabağ" tarixində 4-cü dəfə çempionluq qazanıb. Sportnet.az-ın məlumatına görə, 1992-ci ildən keçirilən bütün milli çempionatlarımızın iştirakçısı olan Ağdam təmsilçisi ardıcıl 3-cü mövsüm Premyer Liqanın qalibi olub.
"Qarabağ"ın ilk çempionluğu isə 1993-cü ildə olub. 1997-ci ildə isə AFFA bu komandanı əvəzedicilərin yarışına görə çempion elan etsə də, UEFA çempion kimi "Neftçi"ni tanıdı və onu Çempionlar Liqasına buraxıb.
Ağdam klubu ardıcıl 3 dəfə çempion olmaqla "Neftçi"nin rekordunu təkrarlayıb. Belə ki, "ağ-qaralar" 2011, 2012 və 2013-cü illərdə Premyer Liqanın qalibi olmuşdular. Sadəcə, fərq ondadır ki, "Qarabağ" hər 3 çempionluğu eyni baş məşqçi - Qurban Qurbanovla qazanıb. "Neftçi" isə ilk çempionluğunu Arif Əsədovla, sonrakıları Böyükağa Hacıyevlə bayram etmişdi.
Qurban Qurbanovun komandası çempionluqların sayına görə "Kəpəz"i keçərək 2-ci sıraya yüksəlib. Ən çox çempionluq isə "Neftçi"yə məxsusdur - 9 dəfə.