AFFA-nın keçirdiyi Liqanın qalibi olan "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Hüseynqulu Quliyevin Sportnet.az-a müsahibəsi
- Çempion olduğunuz mövsümü necə dəyərləndirərdiniz?
- Mövsüm öncəsi futbolçularla keçirdiyimiz toplantıda qarşıya çempion olmaq və ölkəmizi U-19-ların Çempionlar Liqasında təmsil etmək məqsədi qoymağımızla bağlı söhbətləşdik. Sağ olsun futbolçularımız, buna məsuliyətlə yanaşdılar. Düzdür, ilk dövrədə oyun baxımından müəyyən çatışmazlıqlarımız var idi. Bunları yavaş-yavaş aradan qaldırmağa çalışdıq. Qış fasiləsində təlim-məşq toplanışından sonra komanda daha da artırdı. Bu da nəticələrdə öz əksini tapdı. Hər şey göz qabağında oldu - 11 oyunda 11 qələbə ilə mövsümü başa vurduq.
- Mövsümdə cəmi 1 məğlubiyyətiniz oldu ki, bu da ilk turda baş verdi. Həmin uğursuz startdan sonra çempionluğa inamınız azalmadı?
- Bakı"ya səfərdə 3:4 hesablı məğlubiyyətdən sonra ruh düşkünlüyü yaranmadı. Futbolda hər bir nəticə olur. Bu, gözlənilməz məğlubiyyət idi və futbolçularımız ondan dərs aldılar. Bundan sonrakı bütün matçlara tam kökləndilər və istədiyimiz nəticə də əldə etdik.
- Ən yaxın izləyiciniz "Zirə"ni 8 xal qabaqladınız. Vurulan qollarda isə üstünlüyünüz daha çox idi - 39 qol. "Qəbələ" çempionatda çoxmu güclü idi, yoxsa rəqibləri istənilən səviyyədə olmadı?
- Bizi maraqlandıran yalnız öz komandamız, öz futbolçularımızdır. Hər zaman onları yaxşı vəziyyətdə saxlamaq və gələcəkdə yaxşı futbolçu olmaları əsas istəyimiz olub. Biz rəqiblərimizə fərq qoymur və hər oyuna qələbə əzmi ilə çıxırdıq. Futbolçularımızda psixoloji hazırlıq lazımı səviyədə olurdu.
- Mövsüm ərzində xüsusi fərqləndirə biləcəyiniz, sizi təəccübləndirən futbolçularınız oldu?
- Mən 2010-ci ildə "Qəbələ" Futbol Akademiyasına gələndə məhz bu yaş qrupu - 1998-ci il təvəllüdlü futbolçularla işləməyə başlamışıq. Bu komandanın "Qəbələ"də təməli mənimlə qoyulub. Həmin vaxt 12-13 yaşları vardı. Həm mənim, həm onların klubumuzda futbol həyatı birgə başlayıb. "Qəbələ"də çalışdığım 6 ildən 4-dən bu qrupla çalışdığımdan futbolçuları gözəl tanıyıram. Onları "Qəbələ Cup" turnirinə çıxarmışdım. Sonrakı turnirə 1999-cu il təvəllüdlələri çıxartdığımdan 1998-lər 2 mövsüm akademiyamızın baş məşqçilərində oldular. 19 yaşları olanda onlarla işləmək yenidən mənə həvalı olundu.
- Komandanızdan Fərid Nəbiyev U-17 yığmamızda da liderlik keyfiyyətlərini nümayiş etdirdi. Vurduğu gözəl qolla bizə tarixi qələbə qazandırdı. O, "Qəbələ"də futbol həyatına məhz sizin rəhbərliyinin altında başlayıb...
- Tək Fərid Nəbiyev yox, yığmadakı bütün futbolçularımızı hər zaman dəstəkləyirik, hər zaman uğurlarına sevinirik. Əlbəttə, Fərid bizim üçün hər zaman ulduz futbolçular sırasındadır. Onları hər zaman laızmı dərəcədə hazırlamağa çalışırıq. Nəbiyev də Bakıda keçirilən Avropa çempionatında normal çıxış etdi.
- Belə çıxır ki, siz Nəbiyevdən daha yaxşı oyun gözləyirdiniz?
- Fəridin istedadı elədir ki, biz ondan hər zaman daha yaxşı futbol göstərməyini gözləyirik. Onun oyundan-oyuna artırmasına çalışırıq.
- Sizin üçün U-19-da çempionluq əvvəlkilərdən fərqlənir, yoxsa...?
- Mən "Qəbələ"də 4-cü çempionluğu yaşadım. Bir dəfə gümüş, bir dəfə isə bürünc medal qazanmışam. Sadəcə, U-19 yaş baxımından ən yüksək çempionluqdur. Həmin futbolçular 6 il öncə 13 yaşında çempion idilərsə, bu dəfə onu 19 yaşında qazandılar. Fərq bundadır. O vaxtlar balaca idilər, başlarını sığallayırdıq. Futbolçularla hər zaman elə isti münasibət qururuq ki, evdə olmadıqlarını hiss etməsinlər. Onlara valideyn qayğısı göstəririk. Əlbəttə, meydanda futbolçu-məşqçi münasibəti olur.
- Bir sıra futbolçularınız əvəzedici heyətdə çempion oldular...
- Bəli, 6 futbolçumuz olub. Onlar yanvardan tamamilə əvəzedici komandada idilər. Buna qədərsə bizdə də məşq edirdilər. Ancaq qış fasiləsindən sonra elə oyunlarımız olurdu ki, onları da cəlb edirdik.
- İndi hamını "Qəbələ"nin U-19-ların Çempionlar Liqasında necə çıxış edəcəyi maraqlandırır. Bu perspektivi necə dəyərləndirərdiniz: Turnirdə qarşıya hansı məqsədi qoymusunuz?
- Mənim bir məşqçi kimi arzum o idi ki, bu futbolçular Çempionlar Liqasının da dadını dadsınlar. Çünki onlar beynəlxalq turnirdə çox iştirak edirlər. Rəhbərlik buna həmişə şərait yaradıb. Milli komandalarımızın heyətində "Qəbələ"dən çox futbolçu var və onlar beynəlxalq matçlarda böyük təcrübə qazanırlar. Yalnız Çempionlar Liqasında iştirak qalır ki, bu da reallaşdı. Bu, onların gələcək karyeralarına müsbət təsir göstərəcək. Futbolçularımız əzmkarlıqları, işgüzarlıqları, məsuliyyətləri ilə istəklərinə nail oldular. Çempionlar Liqasında həm "Qəbələ"nin, həm də Azərbaycanın adını yüksəkdə tutmağa çalışacağıq. Əsas məqsədimiz budur. Mən hər zaman futbolçularımıza inanıram və onlara söyləyirəm ki, yenilməz komanda yoxdur. Sadəcə, özümüzə inanmalı və meydanda psixoloji cəhətdən hazır olmalıyıq. Bunun üzərində həmişə çalışırıq. İnanıram ki, "Qəbələ" U-19-ların Çempionlar Liqasında uğurla çıxış etmək bacarığındadır.
- Həmin turnirə hazırlıq planları ilə bağlı nə düşünürsünüz?
- Mövsüm bitsə də, mayın 20-dək məşqlərimizi davam etdirəcəyik. Bundan sonra futbolçuları istirahətə buraxacağıq. Həmin vaxt rəhbərliklə hazırlıq planlarını müzakirə edəcəyik. Plansız iş heç vaxt gedə bilməz. Xaricdə təlim-məşq toplanışı keçirməklə bağlı bizdə çətinlik yaranmayıb. İnanıram ki, bunlar rəhbərlik tərəfindən yoluna qoyulacaq.