2016-2017 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etməyə hazır olan I Divizion klubunun adı açıqlanıb. Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Report"a açıqlama verib.
R.Musayev bildirib ki, həmin klub "Şərurspor"dur. Onun sözlərinə görə, klubun prezidenti Sərdar Bağırov Premyer Liqada oynamaq imkanı yaradılmasını israrla xahiş edir: "Klubdan hər gün mənə zəng edirlər. Deyirlər ki, Premyer Liqada iştirak üçün maliyyə durumları da imkan verir və böyük məmnuniyyətlə gəlmək istəyirlər. Hətta hansı bankdan nə cür təminat tələb olunursa, müvafiq məktubu da gətirməyə hazırdırlar. Yəni, klubun maliyyə durumu imkan verir. Sərdar müəllim bütün şərtlərə, şəraitə uyğun komanda təşkil edib Premyer Liqaya qatılmağa hazır olduqlarını bildirib".
PFL prezidentinin sözlərinə görə, klub ev oyunlarını Naxçıvanın Şərur rayonunda da keçirməyə hazırdır: "İstəyirlər ki, rəqibləri Şərurda qəbul etsinlər. Amma komandalarımızın ora gediş-gəliş problemi olduğundan, hələ bu məsələni danışmamışıq. Amma ev oyunlarını Bakıda keçirə bilərlər. Biz onlarla danışdıq. Bakı ətrafında torpaq sahəsi almağa, yenidən stadion tikməyə hazırdırlar. Yəni, futbola maliyyə qoymaq istəyən insanlarımız var".
Qeyd edək ki, "Şərurspor" I Divizionda 2015-2016 mövsümündən çıxış etməyə başlayıb. Klub çempionatı 14 komanda arasında 28 xalla 11-ci pillədə başa vurub.