"Neftçi” nin baş məşqçi postu ətrafında adı hallanan Şota Arveladzeyə müştəri çıxıb. Sportnet.az-ın İsrail mətbuatına istinadən məlumatına görə, 43 yaşlı mütəxəssisin Təl-Əvivin "Makkabi” klubunun "sükanı arxası”na keçəcəyi bildirilir.
Xəbərdə deyilir ki, komandanın hazırkı baş məşqçisi Peter Bos, böyük ehtimalla, Hollandiya "Ayaks”ına rəhbərlik edəcək. Arveldazenin isə "Makkabi”nin hollandiyalı idman direktoru Yordi Kroffla yaxşı əlaqələri var. Ona 1,5 milyon dollar dəyərində 1 illik müqavilə təklif edilib.
Arveladzenin son iş yeri bir vaxtlar oynadığı "Trabzonspor” olub. O, Türkiyə klubunda işlədikdən cəmi 4 ay sonra qeyri-qənaətbəxş nəticələrə görə vəzifəsindən çıxarılıb. Gürcüstanlı mütəxəssis Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatında Portuqaliya - İspaniya finalını "Bakcell Arena”da izləyib. Keçmiş hücumçunun gəlişinə əsas səbəb kimi "Neftçi”dən aldığı təklif göstərilir.